"Hipersəs sürətinə baxmayaraq, "Oreşnik"in əsas problemi aşağı dəqiqlikdir..."
Kremlin "ələ keçirilməsi mümkünsüz" kimi təqdim etdiyi "Oreşnik" hipersəs raketinin ciddi zəif tərəfi var.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri yazıb.
Bahalı raket, zəif nəticə
Analitiklərin fikrincə, raketin əsas problemi zərbələrin aşağı dəqiqliyidir. Son buraxılış zamanı raket Rusiyanın Kapustin Yar poliqonundan havaya qalxıb və Kiyev vilayətinin Belaya Tserkov şəhəri yaxınlığında düşüb.
Ukrayna hakimiyyəti qaraj kooperativində yanğın baş verdiyini açıqlasa da, insan itkisi olmayıb. Ekspertlər qeyd edir ki, Rusiya ordusu on milyonlarla dollar dəyərində raketdən istifadə etsə də, nəticədə yalnız ikinci dərəcəli obyektlər zərər görüb.
"Paradoksal silah"
"Oreşnik" orta mənzilli RS-26 "Rubej" ballistik raketinin bazasında hazırlanıb. Raket 1,5 tona qədər döyüş başlığı daşıya və 5000 kilometrədək məsafəni qət edə bilir. Onun əsas üstünlüyü 10 Maxdan yüksək hipersəs sürəti və mürəkkəb uçuş trayektoriyası sayılır.
Lakin mütəxəssislər bildirir ki, atmosferə daxil olarkən raketin ətrafında plazma qatı yaranır. Bu isə radio və peyk siqnallarını bloklayır, nəticədə raket son mərhələdə kursunu dəqiq tənzimləyə bilmir. Məhz buna görə analitiklər "Oreşnik"i "paradoksal silah" adlandırırlar: onu vurmaq çətindir, amma konkret hərbi hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyəti zəifdir.
Qərb yeni müdafiə sistemləri hazırlayır
Məqalədə qeyd olunur ki, ənənəvi hava hücumundan müdafiə sistemləri, o cümlədən IRIS-T belə raketlərə qarşı tam effektiv deyil. Hətta "Patriot" kompleksləri də onları yalnız əlverişli şəraitdə vura bilir. Buna görə Qərb ölkələri "Arrow 3" və THAAD kimi yeni atmosferdənkənar ələkeçirmə sistemləri hazırlayır.
Analitiklər hesab edir ki, Putinin "Oreşnik"in toxunulmaz olması ilə bağlı bəyanatları şişirdilib. Bununla belə, belə raketlərin məhv edilməsi üçün peyk xəbərdarlıq sistemləri, uzaqmənzilli radarlar və çox bahalı raketlər tələb olunur.