"Azərişıq" ASC məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını növbəti dəfə Şuşada təşkil edib.
Moderator.az xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafındakı xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb.
“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı haqqında məlumat verən Seymur Mirzəyev tədbirin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində mədəniyyət paytaxtımız Şuşada təşkil olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, məhz belə bir ərəfədə keçirilən bu tədbir uşaqların elektrik təhlükəsizliyi sahəsində biliklərinin artırılmasında xüsusi rol oynayır. Uşaqların əsas hüquqlarından biri onların təhlükəsiz yaşamaq hüququdur. Bu hüquq yalnız hüquqi sənədlərdə yazılan bir anlayış deyil, həm də gündəlik həyatımızda təmin edilməli olan real bir dəyərdir. Təhlükəsiz mühitdə böyümək, sağlam şəraitdə təhsil almaq, risklərdən qorunmaq hər bir uşağın təbii haqqıdır. Mərkəzin direktoru həmçinin məktəblilər arasında maarifləndirici yarışların, müsabiqələrin təşkil olunmasının gələcəyin uğurlu elektrik mühəndislərinin, energetiklərinin yetişməsi və onların ölkəmizin enerji sisteminin inkişafına töhfə verməsinə müsbət təsir göstərəcəyini bildirib, iştirakçı komandalara uğurlar arzulayıb.
Çıxışdan sonra “Azərişıq” ASC-nin 11 illik faəliyyətini əks etdirən, həmçinin elektrik enerjisi növləri və xüsusiyyətləri haqqında video çarxlar təqdim olunub.
Rəsmi hissədən sonra müsabiqə mərhələsinə start verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Şuşadan 1, Xankəndindən isə 2 tam orta məktəb olmaqla ümumilikdə 6 komanda qatılıb. “Dayanıqlı şəhər”, “Yaşıl enerji”, “Kvant zəkaları”, “Şimşək”, “İldırım gücü”, “Elektrik dahiləri” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.
İkinci mərhələdə yarış iştirakçıları 1 mövzu seçərək “Gələcəyin enerji şəhəri” posterlərini hazırlayıb. Bu mərhələdə onlar “Ən innovativ ideya” nominasiyasının qalibi olmaq üçün bilik və bacarıqlarını sınayıblar.
Sonuncu mərhələdə “Biz enerji şirkətiyik” rol simulyasiyası üzrə komanda üzvləri arasında abonent, Çağrı mərkəzi, dispetçer xidməti və qəza-təmir briqadası rol bölgüsü aparılıb. İştirakçılar “Şəhərin bir hissəsində elektrik kəsintisini aradan qaldırmaq” ssenariyası üzrə tapşırıqları ardıcıl və düzgün icra etməyə çalışıblar. Bu mərhələdə komandalar “Ən peşəkar komanda” nominasiyası üzrə yarışıb.
Müsabiqənin sonunda qaliblər təşəkkürnamə, müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin komandaların təmsil etdiyi məktəblərin müəllimlərinə kuboklar təqdim olunub.
Tədbirin yarış hissəsi yekunlaşdıqdan sonra məktəblilərlə "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinə tur təşkil edilib. İştirakçılara müasir standartlara əsasən tikilən müəssisənin fəaliyyəti ilə bağlı informasiyalar çatdırılıb, eləcə də onlar mərkəzin həyətyanı ərazisində yaradılan sərgi ilə tanış olublar. Burada nümayiş etdirilən müxtəlif enerji qurğu və avadanlıqlarının, mülki müdafiə vasitələrinin xüsusiyyətləri ilə bağlı şagirdlərə məlumatlar verilib.
Qeyd edək ki, "Azərişıq" ASC “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını ölkənin digər regionlarında da davam etdirəcək. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə enerji savadlılığını artırmaq, energetika sahəsinə erkən yaşlardan maraq yaratmaq, komanda işi və analitik düşüncəni inkişaf etdirməkdir.