Dünya
212
21:47, Bu gün

"Britaniyada xilafət planı yetişir?" - Avropada terrorçuların idarə etdiyi dövlət peyda olub" - "UnHerd"

"Müsəlman Qardaşları" hərəkatının Britaniyada və Avropada təsirini artırdığı iddia olunur..."

"Müsəlman Qardaşları" hərəkatı son onilliklər ərzində Qərb ölkələrində, xüsusilə də Britaniyada geniş təsir şəbəkəsi formalaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "UnHerd" nəşri yazıb.

Britaniyada təsir şəbəkəsi necə formalaşıb?

Müəllif idda edir ki, təşkilat təkcə dini hərəkat deyil, həm də siyasi və ideoloji məqsədlər güdən beynəlxalq şəbəkədir. Müəllifin fikrincə, hərəkat müxtəlif ictimai, təhsil, xeyriyyə və dini qurumlar vasitəsilə fəaliyyət göstərərək cəmiyyətə təsir imkanlarını artırır. Məqalədə qeyd olunur ki, təşkilat öz ideyalarını açıq qarşıdurmadan daha çox uzunmüddətli və mərhələli şəkildə yaymağa üstünlük verir.

Britaniya həbsxanaları ilə bağlı mübahisələr

Yazıda keçmiş həbsxana müfəttişi Yan Eyçesonun araşdırmasına geniş yer verilir. Araşdırma zamanı bəzi Britaniya həbsxanalarında radikal islamçı ideoloqların kitablarının aşkarlandığı bildirilir. Müəllif bunu təşkilatın təsirinin dövlət institutlarına qədər uzanmasının nümunəsi kimi təqdim edir.

Məqalədə həmçinin bəzi dini xadimlərin və məsləhətçilərin "Müsəlman Qardaşları"na yaxın strukturlarla əlaqələri barədə iddialar səsləndirilir. Bununla belə, sözügedən şəxslər barəsində irəli sürülən ittihamların bir hissəsi rəsmi şəkildə sübuta yetirilməyib.

Avropada təsir uğrunda mübarizə

"UnHerd" yazır ki, hərəkatın ideoloqları uzun illərdir islamın Qərbdə daha geniş yayılmasını müdafiə edirlər. Müəllifin qənaətinə görə, bu məqsəd üçün siyasi fəallıq, ictimai təşkilatlar, xeyriyyə fondları və media platformalarından istifadə olunur.

Məqalədə qeyd edilir ki, Britaniya hazırda təşkilatın Avropadakı əsas fəaliyyət mərkəzlərindən biri hesab olunur. Xüsusilə Yaxın Şərqdəki hadisələr fonunda keçirilən kütləvi aksiyalarda və müxtəlif ictimai kampaniyalarda bu şəbəkələrin təsirinin hiss olunduğu iddia edilir.

Qərbə çağırış

Müəllif hesab edir ki, Avropa hökumətləri siyasi İslamın fəaliyyətini daha diqqətlə izləməli və bu sahədə vahid strategiya hazırlamalıdır. Onun fikrincə, problemin əsas çətinliyi ondan ibarətdir ki, söhbət vahid təşkilatdan deyil, bir-biri ilə əlaqəli çoxsaylı qurumlar və şəxslər şəbəkəsindən gedir.

Yazının sonunda vurğulanır ki, Qərb ölkələri demokratik institutları qorumaq üçün həm radikalizmə qarşı mübarizəni gücləndirməli, həm də cəmiyyətə daha cəlbedici siyasi və sosial alternativlər təqdim etməlidirlər. "Müsəlman Qardaşları" və ona yaxın qurumlar isə onlara qarşı irəli sürülən bir çox ittihamları qəbul etmir və fəaliyyətlərinin qanun çərçivəsində həyata keçirildiyini bildirirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər