“Üçqat xərçəng əleyhinə peyvənd artıq kimyaterapiya və immunoterapiyaya cavab verməyi dayandırmış 15 xəstədə bədxassəli şişləri tamamilə məhv edə bilib”.
Bu barədə “Quardian” nəşri yazıb.
Məlumata görə, 11 ölkədən 102 pasientin iştirak etdiyi sınaq əvvəllər digər müalicələrə cavab verməyən residivli və ya metastatik xərçəng xəstələrini əhatə edib. “Amivantamab” preparatı sınaqda iştirak edən xəstələrin üçdə birindən çoxunda şişləri kiçildib. 15 xəstədə isə şişlər tamamilə yoxa çıxıb (Axar.az).
Tədqiqatda dünyada altıncı ən çox yayılmış xərçəng növü olan baş və boyun xərçəngi olan xəstələr iştirak edib. Oxşar nəticələrin ağciyər xərçəngi olan xəstələrdə də əldə edildiyi bildirilir.
“Amivantamab” hazırda təxminən 60 klinik sınaqda, əsasən ağciyər xərçəngin, eləcə də kolorektal, beyin və mədə xərçənglərində sınaqdan keçirilir. “Bu, müalicə variantları son dərəcə məhdud olan xəstə qrupu üçün görünməmiş dərəcədə güclü bir reaksiyadır”, - London Xərçəng Tədqiqatları İnstitutunun professoru Kevin Harrinqton bildirib.
Onun sözlərinə görə, bu metodun hər il minlərlə xəstəyə kömək etmək potensialı var.
Xərçəngin müalicəsində mühüm irəliləyişdən danışmaq mümkündürmü?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: ““Amivantamab” preparatı daha çox kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsində istifadə olunur. Həmçinin bu preparat son dövrlərdə bəzi digər xərçəng növlərində də tədqiq edilməkdədir. Təbii ki, dünyanın bir çox ölkəsində xərçəng xəstəliklərinin həm erkən, həm də gec mərhələlərində istifadə olunan dərman preparatları ilə bağlı müxtəlif tədqiqatlar aparılır. Lakin hələlik bu preparatın və ya digər dərmanların xərçəngin tam müalicəsində qəti nəticə verdiyini söyləmək mümkün deyil.
Bəzi ölkələr var ki, müəyyən dərman preparatlarının istifadəsinə hələ də icazə verməyib. Məsələn, qardaş Türkiyədə həmin preparatın istifadəsinə müəyyən məhdudiyyətlər mövcuddur. Həmçinin, ölkəmizdə də bu preparatın istifadəsi geniş şəkildə tətbiq olunmur. Bir çox dərman şirkətləri öz preparatlarının effektivliyini və təhlükəsizliyini sübut etmək üçün müxtəlif klinik tədqiqatlar və eksperimental sınaqlar aparırlar ki, gələcəkdə onların istifadəsinə icazə verilsin”.
Onkoloqa görə, “Amivantamab” preparatı birbaşa xərçəngi aradan qaldırmır: “Bu preparat əsasən EGFR kimi müəyyən mutasiyalara təsir göstərərək xərçəng hüceyrələrinin bölünməsini və çoxalmasını ləngitməyə xidmət edir. Əgər yaxın gələcəkdə aparılan tədqiqatların nəticələri müsbət olarsa və preparat tam təsdiqini alarsa, əlbəttə ki, bunun xəstələrin müalicəsində istifadəsi faydalı ola bilər. Lakin hazırda bəzi ölkələrdə bu preparatın istifadəsinə hələ də icazə verilməyib”.
Onkoloqun sözlərinə görə, xərçəng tək bir orqanda deyil, orqanizmin müxtəlif orqan və sistemlərində yarana bildiyi üçün yeni dərman preparatları üzərində davamlı olaraq tədqiqatlar aparılır və onların istifadəsinə icazə verilməsi üçün müxtəlif mərhələlərdən keçilir: “Ümid edək ki, gələcəkdə bu preparat da tam təsdiq alacaq və həm ölkəmizdə, həm də digər ölkələrdə xərçəng xəstələrinin müalicəsində istifadə ediləcək. Onu da qeyd edim ki, bu preparat adətən təkbaşına tətbiq olunmur. Əksər hallarda kimyaterapiya və şüa müalicəsi ilə birgə istifadə edilir. Təəssüf ki, istər ölkəmizdə, istərsə də dünyanın bir çox yerində xərçəng xəstələri vaxtında həkimə müraciət etmirlər. Əksər hallarda pasiyentlər üçüncü və ya dördüncü mərhələdə qəbula gəlirlər. Halbuki erkən diaqnostika xəstəliyin müalicəsində mühüm rol oynayır.
“Amivantamab” preparatı daha çox ağciyər xərçəngində istifadə olunur. Ağciyər xərçənginin yaranmasının əsas səbəblərindən biri isə tütün məmulatlarından istifadədir. Məlumdur ki, həm ölkəmizdə, həm də digər ölkələrdə siqaret və digər tütün məhsullarının istifadəsi kifayət qədər geniş yayılıb. Son araşdırmalar göstərir ki, artıq 20-40 yaş arasında olan gənclər arasında da tütün məmulatlarından istifadə halları ciddi şəkildə artıb. Əgər bu tendensiya davam edərsə, yaxın 10 il ərzində ağciyər xərçəngi səbəbindən ölüm hallarının artacağı ehtimalı yüksəkdir”.