Bizi sosial şəbəkələrdən izləyin:
Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişib.
Gömrük bəyannamələri artıq yeni qaydada bəyan ediləcək. Bundan sonra fərdi identifikasiya nömrəsi ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə etmək mümkün olmayacaq.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Kənan Quluzadənin sözlərinə görə, "Smart Customs" sisteminə giriş artıq FİN kod və parol vasitəsilə deyil, "ASAN İmza" və "SİMA" üzərindən həyata keçiriləcək.
Ekspert bildirib ki, qaydalardakı bu dəyişiklik xaricdən məhsul sifariş edənlərin işini müəyyən qədər çətinləşdirə bilər.
Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov isə qeyd edib ki, əvvəllər başqa şəxslərin adına açılmış profillərin şifrə və parollarından istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin yeni qaydalara əsasən, bu artıq mümkün olmayacaq.
Ekspertin sözlərinə görə, yeni sistem, xüsusilə, yaşlı nəsil üçün bəyannamə prosesində müəyyən çətinliklər yarada bilər. Bununla belə, zaman keçdikcə istifadəçilərin yeni qaydalara uyğunlaşacağı gözlənilir.