Dünya
303
02 Jun 2026 | 23:45

"Putinin gizli ailəsi ilə bağlı yeni iddialar - Alman müəllimlər və milyonluq təhsil sistemi" - "Bild"

"Araşdırmalar Kreml liderinin ailəsi ətrafında yeni detalları üzə çıxarıb..."

Rusiya lideri Vladimir Putinin və gimnast Alina Kabayevanın iki azyaşlı oğlunun təhsili illərlə Qərbi Avropadan gətirilən mütəxəssislər tərəfindən təşkil edilib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Gizli ailə və xarici müəllimlər

Nəşrin və "Sistem" adlı jurnalist araşdırmasına görə, söhbət 2015-ci il təvəllüdlü İvan və 2019-cu il təvəllüdlü Vladimir adlı iki uşaqdan gedir. Rəsmi sənədlərdə onların valideynlərinin adı birbaşa qeyd olunmayıb, əvəzində "ailə" və "valideynlər" kimi kodlaşdırılmış ifadələrdən istifadə edilib. Məlumata əsasən, 2017-ci ildən etibarən uşaqların təlim-tərbiyəsində təxminən 20 xarici dayə və müəllim iştirak edib, onların arasında ən azı 5 Almaniya vətəndaşı olub.

Alman dili, xüsusi rejim və yüksək maaş

İddialara görə, Almaniyadan gələn tərbiyəçilərdən biri böyük oğul İvana gündəlik fəaliyyətlər zamanı - gəzinti, balıqçılıq və təbiətdə vaxt keçirmə prosesində alman dilini öyrədib. Hətta 2019-cu ildə uşağın Milad bayramında alman dilində mahnı oxuduğu bildirilir.

Müəllimlərin aylıq maaşı təxminən 8000 ABŞ dolları təşkil edib. Bununla yanaşı, onların fəaliyyəti ciddi nəzarət altında olub, bunlar: gündəlik detallı hesabatlar yazmaq, müntəzəm tibbi yoxlamalardan keçmək, iş zamanı şəxsi cihazlardan istifadə etməmək, sosial şəbəkələrdə icazəsiz paylaşım etməməkdən ibarət olub.

Sərt nəzarət və "tam təcrid" rejimi

Araşdırmada qeyd olunur ki, yüksək maaşa baxmayaraq, xarici mütəxəssislərin işi tam nəzarət və məxfilik şəraitində aparılıb. Onların kimin ailəsində çalışdıqlarını ilk mərhələdə tam anladıqları isə dəqiq bilinmir. Jurnalistlərin qənaətinə görə, uzunmüddətli iş prosesində tərbiyəçilərin real vəziyyəti başa düşməsi ehtimalı yüksəkdir.

Rəsmi təsdiq yoxdur

Nə Kremlin, nə də Vladimir Putin və Alina Kabayeva barədə yayılan ailə iddialarının rəsmi təsdiqi mövcuddur. Buna baxmayaraq, müxtəlif media və araşdırma qrupları illərdir onların şəxsi həyatı ilə bağlı fərqli məlumatlar yayımlayır. "Bild" nəşrinin materialı isə Putinin ailəsi ətrafındakı sirr qatını bir qədər də qalınlaşdıran yeni iddialar kimi qiymətləndirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər