Ölkədə internet qumarı kimlər oynayır?
109
08:50, Bu gün

Ölkədə internet qumarı kimlər oynayır?

Hüquqşünasa görə, qeyri-qanuni kazino şəbəkələrinin ən təhlükəli tərəfi onların xaricdə qurulması və gəncləri “tələyə salmasıdır” 

Azərbaycanda onlayn qumar və mərc oyunlarına marağın artdığı müşahidə olunur. Rəsmi statistika açıqlanmasa da, ekspertlər və bazar iştirakçıları xüsusilə gənclər arasında bu sahəyə marağın yüksək olduğunu bildirirlər.

Mütəxəssislərin fikrincə, onlayn mərc oyunlarının əsas auditoriyasını 18-40 yaş arası şəxslər, idman həvəskarları və mobil tətbiqlərdən aktiv istifadə edənlər təşkil edir. Xüsusilə futbol oyunları üzərindən edilən mərclər bazarın böyük hissəsini əhatə edir.

 Son illər Azərbaycanda da qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur. Azərbaycanda  qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı mübarizə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Kiberpolisin bu məqsədlə keçirdiyi son tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. 

Sosial şəbəkələrdə və internet forumlarında aparılan müzakirələr göstərir ki, bəzi istifadəçilər onlayn qumarı əyləncə vasitəsi hesab etsələr də, digərləri onun borclanma, asılılıq və ailədaxili problemlər yaratdığını vurğulayırlar. 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda qanunsuz onlayn mərc və qumar platformalarının genişlənməsi təkcə texnoloji deyil, həm də sosial-psixoloji problemdir. Onun sözlərinə görə, bu sistemlər artıq klassik əyləncə çərçivəsindən çıxaraq davranış asılılığı yaradan rəqəmsal mexanizmə çevrilib: “Bugünkü qanunsuz onlayn mərc platformaları sadəcə idman nəticələrinə pul qoymaq sistemi deyil. Bu, psixoloji manipulyasiya, davranışın idarə edilməsi və istifadəçinin davamlı olaraq sistemdə saxlanılması üzərində qurulmuş modeldir. İstifadəçi çox zaman "kiçik məbləğlə başlayıram" düşüncəsi ilə daxil olur, amma alqoritmlər və oyun dinamikası onu mərhələli şəkildə daha böyük risklərə sürükləyir”.

Natiq Ələsgərovun fikrincə, bu sahədə əsas risk qruplarından biri gənclərdir. Xüsusilə 18-30 yaş arası şəxslər sürətli qazanc illüziyası və rəqəmsal rahatlıq səbəbilə bu platformalara daha tez cəlb olunurlar: “Mobil telefon vasitəsilə 24 saat əlçatanlıq, depozit və uduş əməliyyatlarının sadələşdirilməsi istifadəçidə real risk hissini azaldır. İnsan pul itirdiyini dərk etsə belə, geri qazanmaq psixologiyası onu sistemdə saxlamağa davam edir. Bu isə klassik asılılıq modelidir”.

O əlavə edir ki, qeyri-qanuni onlayn kazino şəbəkələrinin ən təhlükəli tərəfi onların strukturlaşdırılmış və transsərhəd xarakter daşımasıdır. Bu platformalar çox vaxt xarici serverlər üzərindən idarə olunur və yerli istifadəçi bazasına xüsusi lokallaşdırılmış interfeyslərlə çıxış edirlər: “Burada artıq tək bir operator deyil, qlobal şəbəkə modeli var. Ödəniş kanalları, agent şəbəkələri, referal sistemlər və anonim tranzaksiyalar bu mexanizmi daha da mürəkkəbləşdirir. Bu da hüquq-mühafizə orqanlarının izləmə imkanlarını çətinləşdirir”.

Natiq Ələsgərov qeyd edir ki, bu istiqamətdə aparılan əməliyyatlar Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sistemli şəkildə həyata keçirilir: “Son əməliyyatlar göstərir ki, bu şəbəkələr artıq sadəcə istifadəçi yönləndirmə ilə kifayətlənmir, admin panel idarəçiliyi, kart dövriyyəsi və rəqəmsal infrastruktur üzərində qurulmuş daha geniş cinayət modelinə çevrilib. Burada söhbət təkcə qumardan yox, həm də maliyyə axınlarının gizlədilməsi və kibermühitdə cinayət ekosisteminin formalaşmasından gedir”. Natiq Ələsgərovun qənaətinə görə, ən ciddi təhlükə sosial nəticələrdir: “Bu proses təkcə fərdin pul itkisi ilə bitmir. Borclanma, ailə münasibətlərinin pozulması, psixoloji gərginlik və hətta bəzi hallarda depressiv davranışlar müşahidə olunur. Qeyri-qanuni onlayn qumar artıq sosial risk faktoruna çevrilib. Ona görə də bu məsələyə yalnız hüquqi yox, həm də sosial müdaxilə modeli ilə yanaşmaq lazımdır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər