Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan-Ermənistan münasibətlərində növbəti diqqətçəkən diplomatik mərhələ yaşanıb.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, baş nazirin müavini, delimitasiya üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ermənistana səfər edib. Bu səfər yalnız növbəti texniki görüş kimi deyil, həm də tərəflər arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilir.
Ağverəndə keçirilən delimitasiya komissiyalarının 13-cü iclasında Azərbaycan və Ermənistan nümayəndələri dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə texniki sənədlərin hazırlanmasına dair mühüm razılaşmalar əldə ediblər. Tərəflər ekspert qruplarının iş qaydası, delimitasiya xəritələrinin hazırlanması və sənədlərin tərtibatı ilə bağlı təlimat layihələrini razılaşdıraraq hökumətlərə təqdim etmək qərarına gəliblər.
Ən diqqətçəkən məqamlardan biri isə növbəti iclasın Azərbaycanda keçirilməsi barədə razılığın əldə olunmasıdır. Bu qərar dialoqun fasiləsiz davam etdiyini və tərəflərin danışıqlar mexanizmini qorumaqda maraqlı olduğunu göstərir.