Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyinə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qurum müvafiq qaydalara riayət edərək, araşdırmanın yekunlarına əsaslanan tövsiyə və nəticələrin yer aldığı hesabatı ictimaiyyətə təqdim edəcək.
Rusiya və Azərbaycan xarici siyasət idarələrinin açıqlamasından sonra istintaqın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlikdən qeyd edilib:
"Hazırda "Azərbaycan Hava Yolları" aviaşirkətinə aid "Embraer 190 4K-AZ65" hava gəmisinin iştirakı ilə baş vermiş aviasiya hadisəsini araşdıran komissiya öz işini Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsində təsbit olunan standartlar və tövsiyə edilən təcrübələrə uyğun olaraq davam etdirir. Araşdırma prosesi başa çatdıqdan sonra Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsində yekun hesabat dərc olunacaq. Həmin sənəddə aviasiya hadisəsinin müəyyən edilən səbəbləri, eləcə də komissiyanın gəldiyi qənaətlər və tövsiyələr öz əksini tapacaq", -deyə qeyd olunub.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.