Bizi sosial şəbəkələrdən izləyin:
Şəhər quşları qadınların yaxınlaşdığını gördükdə, kişilərlə müqayisədə daha tez təhlükəsiz məsafəyə çəkilməyə qərar verirlər.
Beynəlxalq bioloqlar qrupu belə bir qənaətə gəlib və tədqiqatın nəticələri "People and Nature" jurnalında dərc olunub.
Alimlər tədqiqat zamanı "qorxu məsafəsi" amilini araşdırıblar. Bu, quşun insan yaxınlaşdıqda geri çəkilmək üçün kifayət hesab etdiyi kritik məsafədir. Təcrübə beş Avropa ölkəsində - Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılıb. Tədqiqatda oxşar boyda və eyni tərzdə geyinmiş kişi və qadınlar iştirak ediblər. Onlardan şəhər parklarında quşlara doğru düz xətt üzrə yavaş-yavaş hərəkət etmək istənilib.
Təhlillər göstərib ki, bütün hallarda quşlar qadınların yaxınlaşmasına daha kəskin reaksiya veriblər. Orta hesabla quşlar, uçmazdan əvvəl kişilərin onlara qadınlara nisbətən təxminən bir metr daha çox yaxınlaşmasına icazə veriblər. Bu davranış tədqiq olunan bütün 37 quş növündə eynilə müşahidə edilib. Ümumilikdə 2 701 ölçmə aparılıb.
Bu davranışın dəqiq səbəbləri hələlik naməlumdur. Tədqiqatçıların ehtimalına görə, quşların ayırd edə bildiyi qoxular, hərəkət tərzi və ya digər davranış siqnalları burada rol oynaya bilər. Lakin bu fərziyyələr əlavə yoxlamalar tələb edir. Müəlliflər vurğulayırlar ki, əldə edilən məlumatlar şəhər mühitində vəhşi təbiətlə insanlar arasındakı qarşılıqlı təsiri anlamaq üçün vacibdir. /oxu.az/