Yazar
Sultan Laçın
Bütün yazılar
iqtisadiyyat
233
14:54, Bu gün

Yağış yağır, inanmıram, yardım gözləyir məni!..”

“Yağış yağır, inanmıram, yardım gözləyir məni!..”
 
“Evini su basan heç bir yoxsul ona dəstək, yardım gələcəyinə inanmır... Çünki bilir ki, ölkənin oliqarxları, biznesmenləri, məmurlarının özləri  rüşvət, korrupsiya selində batıb-boğulmaqdadırlar...”
 
“Çox nadir hallarda hansısa vəzifəli, yaxud pullu adam səmimi şəkildə, ürəyi yanaraq gedib hansısa evini su basmış, yaxud övladını sel aparmış, mal-qarası, toyuq cücəsi tələf olmuş yoxsula baş çəkər, əl uzadar...”
 
“Ona görə də heç bir kasıb oğlu-qızı yağış haqda romantik mahnılara qulaq asa bilmir, çünki çönüb dədəsinin evinin, həyətinin, maşınının gününə baxanda qəlbinə, ruhuna qaranlıq çökür...”
 
Allah məmləkətə yenə yağış yağdırır... Hələ ki rəhm edib daş, zəhər yağdırmır... Adi su yağışı... Bu il artıq neçənci dəfədir ki, Azərbaycana, o cümlədən də Bakıya yağış yağır. Sayı-hesabı yoxdur. Hər dəfə də problemlər yaradır. Və əsasən kasıblar üçün... Varlılardan ötrü elə-belə... Uzaqbaşı, azca başı-gözü islanır, yaxud bir az avtomobili ilə tıxacda qalır. Bir də müvafiq qurumda vəzifədədirsə, yardım, kömək istəyənlərin zəng, ərizə, xahişlərindən, tələblərindən onlara yad bir məxluq kimi boğaza yığışır... Binəva kasıbın isə  30-40 ilə minbir zəhmətlə, borc-xərclə tikdiyi evi batır, onsuz da xarab maşını tamam sıradan çıxır. Varlılar, vəzifəlilər isə onun yardımına yetişmir. Çox nadir hallarda hansısa vəzifəli, yaxud pullu adam səmimi şəkildə, ürəyi yanaraq gedib hansısa evini su basmış, yaxud övladını sel aparmış, mal-qarası, toyuq cücəsi tələf olmuş yoxsula baş çəkər, əl uzadar. Gedənlərin çoxu da yalnız “AzTV”-nin, “İctimai”nin çəkilişi naminə, göstəri, reklam, şöhrət üçün gedib  su basmış evlərin yanında bir-iki dəqiqə dayanıb əl-qolu ilə o yanı-bu yanı göstərib çıxıb gedirlər... Ya da gərək azı bir qəsəbənin camaatı yığışa icra hakimiyyətinin qarşısına hay-küy edə, tələb edə - ondan sonra hörmətli başçı başını qaşıya-qaşıya qalstukunu tumarlaya-tumarlaya gələ xalqa deputatlar kimi vədlər verə... Ona görə də evini su basan heç bir yoxsul ona dəstək yardım gələcəyinə inanmır... Ona görə də heç bir kasıb oğlu-qızı yağış haqda romantik mahnılara qulaq asa bilmir, çünki çönüb dədəsinin evinin, həyətinin, maşınının gününə baxanda qəlbinə, ruhuna qaranlıq çökür... 
 
Allah məmləkətə və onun baş kəndi Bakıya yenə yağış yağdırır... Hələ ki daş, zəhər yağdırmır... Adi su yağışı... Amma Allah Azərbaycana başqa bir yağışı da çox yağdırıb... Pul yağışı... Daha çox ötən onilliklərdə... Düzdü, o yağış gözə görünməyib... Ancaq yağıb... Ona görə gözə görünməyib ki... On illərdir ölkə mediasında heç kəs tərəfindən təkzib olunmayan(çox nadir hallarda təkzib olunan)  neçə-neçə başçının, nazirin, komitə sədrinin, deputatın(əsasən onlar vəzifədən çıxarıldıqdan, mandatları əllərindən alındıqdan, yaxud həbs edildikdən və ya öldükdən sonra) yüz milyonlar, bəzən milyardlarla hesablanan varidatı barədə və elə bu günlərdə hələ vəzifədə olan nazirlərin başı haqda da yazıları sübut edir ki, əksər iri və babat vəzifə sahibləri rüşvət və korrupsiya selində, daşqınında, bataqlığında boğulurlar...
 
Bu gün də Azərbaycana, o cümlədən onun öz bərbad infrastrukturu ilə doğrudan da öz doğma dilimizdəki kəndə dönmüş  baş kəndinə yağış yağır... Amma evini su basan heç bir yoxsul ona dəstək, yardım gələcəyinə inanmır... Çünki bilir ki, ölkənin oliqarxları, biznesmenləri, məmurlarının özləri  rüşvət, korrupsiya selində batıb-boğulmaqdadırlar. Çünki bilir ki, özünü Azərbaycan oğlu kimi təqdim edən oliqarx oğullar qonşu ölkənin sakinlərinə yardım edir, amma heç uzağı demirik, Bakının kəndlərində evini su basanlara bir manatlıq belə, köməklik göstərmir...  Ona görə də heç bir kasıb oğlu-qızı yağış haqda romantik mahnılara qulaq asa bilmir, çünki çönüb dədəsinin evinin, həyətinin, maşınının gününə baxanda qəlbinə, ruhuna qaranlıq çökür... Ona görə də artıq o məşhur “Yağış yağır...” mahnısını oxusalar da,  başqa cür oxuyurlar: “Yağış yağır, inanmıram, yard(!)ım gözləyir məni...” Çünki bilirlər ki, rüşvətxor, korrupsioner nazirdən, oliqarxdan, məmurdan kasıblara, məzlumlara heç vaxt yar və yardımçı olmayacaq...
 
Neynək, Allah Özü yar və yardımçımız olsun!.. Bu dünyada bizlərə yar və yardımçı olmayan varlı-hallı, vəzifəli bəndələrin Axirətdə yardımçısı olacaqmı? Qoy özləri düşünsünlər...
 
P.S. Son sel-daşqınlardan  sonra dəfələrlə açıqlamalarımda imkanlı fondların, nazirlərin, məmurların, deputatların, hakim partiyadan başlamış digər pullu partiyaların, QHT-lərin və s. evlərini su basmış yoxsul ailələrə yardım kampaniyası təşkil etməsi məsələsini qaldırdım. Nə rəsmi, nə qeyri-rəsmi qurumlardan, nə hakim, nə mərkəzçi, nə müxalifət sayılan bir partiyadan, nə də bir QHT-dən səs çıxdı... Gərək buna da yuxarıdan göstəriş ola? Yuxarıdan – o boyda Yaradan- Allahımız göstərişi çoxdan verib ki, dara, çətinə düşənə yardım göstərin, əl tutun... Azərbaycan türkcəsində bilmirsizsə, rus dilində yazım... Lenin- Stalin- Putin dilində...
 
P.P.S. Dəyərli oxuculardan xahiş edirəm, bəlkə kiminsə, hansısa rəsmi, yaxud qeyri-rəsmi qurumunsa ölkədəki, paytaxtdakı son daşqın, sellərdən sonra zərərçəkən ailələrə kütləvi maddi yardımı haqda faktlar bilirsiz, zəhmət olmasa, “feysbuk”da yazın. Bəlkə bəndənizin gözündən yayınıb. Mən yalnız FHN-nin Qubanın bir kəndində yağışdan sonra sürüşmə baş vermiş kəndinə ərzaq yardımı haqda məlumatı görmüşəm...
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər