"Yaxın Şərqdəki müharibə Vaşinqtonun strateji zəifliklərini üzə çıxardı..."
İranla münaqişə ABŞ-ın hərbi gücü ilə bağlı illərlə formalaşmış təsəvvürləri ciddi şəkildə sarsıdıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Responsible Statecraft" nəşri yazıb.
Müharibə planları reallıqla üz-üzə
Nəşrin qiymətləndirməsinə görə, Vaşinqton böyük dövlətlə müharibəyə hazır deyil və bu, Yaxın Şərqdə baş verənlər fonunda açıq şəkildə üzə çıxıb. İlk həftələrdən etibarən müharibə ABŞ-ın yüksək texnologiyalı raket ehtiyatlarını və hava hücumundan müdafiə resurslarını sürətlə tükədib.
Bu isə yaxın perspektivdə Amerikanın öz maraqlarını qoruma qabiliyyəti ilə bağlı sualları artırıb. Müəlliflər hesab edir ki, İran kimi daha zəif rəqiblə qarşıdurma belə bu qədər çətin keçirsə, daha güclü dövlətlə müharibə ssenarisi Vaşinqton üçün daha ağır nəticələr vəd edir.
Bazalar və müdafiə sistemi sınaqdan keçmədi
Məqalədə vurğulanır ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları gözlənildiyi kimi "güc mənbəyi" deyil, əksinə, asan hədəfə çevrilib. İranın raket və pilotsuz uçuş aparatları bu obyektlərə ciddi zərbələr endirib, infrastruktur və hava hücumundan müdafiə sistemlərinə böyük ziyan vurub.
Eyni zamanda, İran qüvvələrinin ABŞ-ın radar və HHM sistemlərini aşkar edib sıradan çıxara bilməsi Vaşinqtonun müdafiə strategiyasının zəif tərəflərini üzə çıxarıb. Bu təcrübə göstərib ki, hətta nisbətən zəif rəqib belə "kütləvi və dəqiq zərbələr" taktikası ilə ABŞ-ın müdafiəsini yarıb keçə bilir.
Çinlə mümkün qarşıdurma daha risklidir
Nəşr hesab edir ki, İranla müharibə ABŞ üçün daha böyük təhlükənin - Asiyada mümkün qarşıdurmanın xəbərçisidir. Xüsusilə Tayvan ətrafında ssenaridə Vaşinqtonun daha ciddi çətinliklərlə üzləşəcəyi vurğulanır.
Bu halda ABŞ-ın hava və dəniz üstünlüyü təmin etməsi sual altına düşür. Çin həm daha inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə, həm də daha geniş raket arsenalına malikdir. Bundan əlavə, pilotsuz sistemlər sahəsində üstünlük də Pekinin tərəfindədir.
Məqalənin nəticəsinə görə, İranla müharibə ABŞ-ın yalnız taktiki deyil, həm də strateji problemlərini üzə çıxarıb. Vaşinqton uzun illər qlobal hərbi üstünlüyünə arxayın olsa da, yeni reallıqda bu üstünlük getdikcə zəifləyir və ABŞ öz ambisiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalacaq.