“Peyğəmbərimiz Məhəmməd əleyhissəlam buyurur ki, TƏMİZLİK –İMANDANDIR- həmin o həbs edilmiş 8 babat vəzifəli(!) məmurun(əlbəttə, cinayətləri sübut ediləcəkləri halda) yerinə 8 TƏMİZ İMANLI tapılacaq ki, onlar da əvvəlkilər kimi “yeyib-dağıtmaq” xisləti daşımasınlar və tutduqları vəzifələrdə rüşvətxorluqla, saxtakarlıqla və s. məşğul olmasınlar...”
“İnsanları həbsə atmaqla problem həllini tapmır. Onların düşüncəsini, əqidəsini islah etmək, onlara öz nəfslərini həbs edib öz mənliklərini azad etməyi öyrətmək gərəkdir...”
"Nə qədər ki, öz nəfslərimizin, şəhvətimizin, tamahımızın əsiriyik, nə qədər ki, özünü nəfsinin əsirliyindən azad etməyi bacaran BÖYÜK NÜMUNƏləri, BÖYÜK İBRƏTləri görmürük, nəinki 8, kiçikli-böyüklü 8 min korrupsioner məmuru da, oğrunu da, narkobaronu da məhkəmə qarsəşına çıxararaq günahlarını sübut edib həbsə atsaq, BÖYÜK TƏMİZLİK olmayacaq. Özümüz-özümüzü dəyişməsək, beləcə Qiyamətədək davam edəcək..."
Bu gün bir sıra saytların manşetini, xəbərlər lentini belə bir başlıq bəzəyir: “8 vəzifəli məmur həbs edildi-BÖYÜK TƏMİZLİK...”
Əvvəla, heç hələ həmin tutulanların məhkəməsi olmayıb və sübut edilməyib ki, onlar deyilən cinayəti törədiblər...
İkincisi, sabah onlarla, yüzlərlə məmuru, hətta 8 nazir də korrupsiya da, saxtakarlıqda və s. günahlandırıb həbs edilsə də, bu da BÖYÜK TƏMİZLİK olmayacaq. Çünki məmləkətdə və dünyada BÖYÜK BİR MƏNƏVİ-ƏXLAQİ TƏNƏZZÜL yaşanır. Və öncə o tənəzzülün, deqradasiyanın qarşısını almaq lazımdır ki, bunun üçün əvvəlcə BÖYÜK NÜMUNƏLƏR göstərilməsi, sonra da güclü maarifləndirmə gərəkdir...
Üçüncüsü, Peyğəmbərimiz Məhəmməd əleyhissəlam buyurur ki, TƏMİZLİK –İMANDANDIR- həmin o həbs edilmiş 8 babat vəzifəli(!) məmurun(əlbəttə, cinayətləri sübut ediləcəkləri halda) yerinə 8 TƏMİZ İMANLI tapılacaq ki, onlar da əvvəlkilər kimi “yeyib-dağıtmaq” xisləti daşımasınlar və tutduqları vəzifələrdə rüşvətxorluqla, saxtakarlıqla və s. məşğul olmasınlar...
Dördüncüsü, BÖYÜK TƏMİZLİK-dən əvvəl BÖYÜK CİHAD gərəkdir. Hələ 2021-ci ilin yanvarında 44 günlük savaşdakı BÖYÜK HƏRBİ ZƏFƏRİMİZ-dən az sonra yazmışdım ki, şəhidlərin qanı ilə yuyulmuş o torpaqlara BÖYÜK QAYIDIŞ-ı başladıb uğurla yekunlaşdırmamışdan öncə biz BÖYÜK CİHADDA da qalib gəlməliyik...
...Bu hədisi dəfələrlə misal çəkmişəm. Bilənlər bilir. Amma deyir, təkrar biliyin anasıdır. Nəql edilir ki, Peyğəmbərimiz (s.ə.s.) qalib gəldikləri savaşlardan birindən geri dönərkən yolda döyüşçülərə deyir ki, indi isə biz BÖYÜK CİHADa gedirik. Səhabələri təəccüblə soruşurlar ki, Ya Rəsulullah, elə indicə biz cihadda qələbə çalıb qayıtmırıq ki... Allahın Elçisi cavab verir ki, xeyr, o, kiçik cihad idi – gözlə görünən silahlı düşmənlə müharibə idi. İndi isə biz gözəgörünməz, hardan hücum edəcəyi bilinməyən düşmənlə - ÖZ NƏFSİMİZlə mübarizəyə, hərbə gedirik... Əsl BÖYÜK CİHAD budur. Bilməyənlər üçün deyirəm: “cihad” –sadə cəhd etmək, səy göstərmək deməkdir... Bax, BÖYÜK TƏMİZLİK yalnız BÖYÜK CİHADDAKI qələbəmizdən sonra mümkündür...
İndi 8 məmurun həbsini BÖYÜK TƏMİZLİK kimi təqdim edənlərə sual edirəm - biz 44 günlük Vətən savaşındakı BÖYÜK HƏRBİ QƏLƏBƏMİZdən sonra nəfsimizlə mübarizədə, yəni BÖYÜK CİHADDA kiçik də olsa bir qələbə qazanmışıqmı?.. Deyirəm ki, xeyr, qazanmamışıq. Çünki qazansaydıq, demək olar ki, hər gün məmləkətdə kütləvi həbslər baş verməzdi: narkotik, oğurluq, dələduzluq, saxtakarlıq, rüşvətxorluq, korrupsiya və s. üstdə... Yalnız o Zəfərdən ötən son 6 ildə neçə babat, neçə iri vəzifəli məmur, işdən çıxarılıb, həbs edilib, yaxud, ən azı işdən çıxarıldıqdan sonra korrupsiya ilə qazandıqları varidatları ifşa edilib, neçə oğru, narkotik satıcısı tutulub. Təmizlənmişikmi? Xeyr. Çünki insanları həbsə atmaqla problem həllini tapmır. Onların düşüncəsini, əqidəsini islah etmək, onlara öz nəfslərini həbs edib öz mənliklərini azad etməyi öyrətmək gərəkdir...
Nə qədər ki, öz nəfslərimizin, şəhvətimizin, tamahımızın əsiriyik, nə qədər ki, nəfsinin əsirliyindən azad olmağı bacaran BÖYÜK NÜMUNƏləri, BÖYÜK İBRƏTləri görmürük, nəinki 8, kiçikli-böyüklü 8 min korrupsioner məmuru da, oğrunu da, narkobaronu da məhkəmə qarsəşına çıxararaq günahlarını sübut edib həbsə atsaq, BÖYÜK TƏMİZLİK olmayacaq...
Özümüz-özümüzü dəyişməsək, beləcə Qiyamətədək davam edəcək. Ondan sonra isə BÖYÜK MƏHKƏMƏ gələcək. Və orada ƏN ALİ HAKİM biz müttəhimlərə anladacaq ki, Cəhənnəmin 7, Cənnətin 8 qapısı var - buyurun, suallarıma cavab verin, görək kim hansı qapıya ötürüləcək... Onda tövbə etmək haqda düşünmək artıq gec olacaq...
Sultan Laçın