Müsahibə
244
15:44, Bu gün

"ABŞ İranı bu tarixdən BOMBALAYACAQ” – İlham İsmayıldan ŞOK proqnoz

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını təhlükəsizlik mütəxəssisi İlham İsmayıl cavablandırıb. İlham İsmayıl İranın körfəz ölkələrinə artan hücumları, ABŞ-nin buna reaksiyası, Tramp-Xamenei görüşü ehtimalı barədə danışıb.
 
Moderator.az müsahibəni təqdim edir:
 
- İlham bəy, İran bu dəfə Küveyt aeroportunu vurdu, ölən və yaralılar var. ABŞ da İranın bəzi obyektlərinə zərbələr endirir. Sizcə, tərəflər lokal xarakterli əməliyyatlarla nə etmək niyyətindədir?
 
- Hazırda ABŞ-nin ən zəif yeri körfəz ölkələridir. Onları ballistik raketlərdən istədiyi səviyyədə müdafiə edə bilmir. Hətta İran təkcə hərbi yox, mülki obyektləri də hədəf alır. Bununla ərəb ölkələrini neytrallaşdırmaq istəyirlər ki, ABŞ hərbi bazaları regiondan çıxsın. ABŞ isə Trampın yanlış siyasəti nəticəsində İrana diktə edə bilmir. Amma nəzərə almaq lazımdır ki, bu, təkcə İranın deyil, həm də Çinin siyasətidir. Pekin və Tehran elə vəziyyət yaratmaq istəyirlər ki, ABŞ-nin bölgədə qoruyucu statusu ləğv olunsun. Yəni ABŞ bazalarının ərəb ölkələri üçün təhlükəsizlik çətiri olmadığı rəyi yaransın. Elə Avropa da görür ki, Birləşmiş Ştatların arxasınca düşməklə deyil, Vaşinqtonun heç də sona qədər müdafiə etmək qabiliyyəti yoxdur. Ona görə bu zəif bənddən İran və Çin istifadə etməkdədir.
 
- Bəs bu kiçik toqquşmalar ABŞ-ni hövsələdə çıxara və genişmiqyaslı hərbi əməliyyatların bərpasına gətirib çıxara bilərmi?
 
- Təbii ki, körfəz ölkələrinə zərbələr həm də ABŞ-nin səbrini sınamaqdır. Amma unutmayaq ki, yaxın günlərdə ABŞ, Meksika və Kanadada futbol üzrə dünya çempionatı başlayır, belə bir ərəfədə Pentaqon genişmiqyaslı hərbi əməliyyatlar istəmir. Hazırda ABŞ çalışır ki, zənginləşdirilmiş uranı İran ərazisindən danışıqlar yolu ilə çıxarsın. Vaşinqton bu mərhələdə diplomatik müzakirələrə üstünlük verir. Hətta Netanyahu ilə bu mövzuda mübahisə söyüş səviyyəsinə çatıb. Tramp isə aralıq seçkilərinə Kubada, Hörmüzdə və İranda əliboş gedir. Amma maksimum çalışır ki, futbola görə irimiqyaslı əməliyyatlar da olmasın. Bu vəziyyət davam edərsə, çox güman ki, irimiqyaslı döyüşlər avqustda bərpa oluna bilər. O vaxta qədər isə İran özünü qalib sayır və ABŞ faktiki strateji məğlubdur. ABŞ İranın obyektlərini bombalasa da, strateji nüfuzu aşağı düşüb.
 
- Son olaraq soruşuram, Tramp deyib ki, İranı yeni rəhbəri Müctəba Xamenei ilə görüşə bilər. Amma Müctəba onu ailəsinin qatili hesab edir, belə bir görüşə razılaşarmı?
 
- Belə bir görüş mümkün deyil. Burada Trampın diplomatik gedişi odur ki, Müctəba üzə çıxsın, görsün onun mövqeyidir, yoxsa SEPAH-ın. Amma onlar harada görüşə bilər? Məsələn, bu günlərdə Tramp Türkiyəyə gedəcək. Deyə bilər ki, Xamenei də ora gəlsin. Məqsədi Xameneini üzə çıxarmaqdır. Eyni zamanda, Ankaranı inandırmağa çalışacaq ki, Türkiyə İranla danışıqlar aparsın. Amma Pakistanın vasitəçiliyi ilə alınmayısa, Türkiyənin moderatorluğu da nəticə verməyəcək. Ona görə də belə bir görüş gözləmirəm. Hazırda İran öz siyasətini davam etdirir və bilir ki, ABŞ dünya çempionatı ərəfəsində 40 günlük müharibədə olduğu kimi hücumlar etməyəcək. Bunu da fürsət bilib körfəz ölkələrini hədəfə alır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər