Bizi sosial şəbəkələrdən izləyin:
Azad Vətən Partiyasının sədri Akif Nağı Prezident Administrasiyasında qəbul olunub.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı partiyanın Mətbuat xidməti yayıb.
Məlumata görə, iyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilən görüşdə regionda və Azərbaycanda cərəyan edən siyasi proseslər, eləcə də siyasi partiyaların ölkədə artan ictimai nüfuzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli islahatların cəmiyyət tərəfindən fəal şəkildə dəstəkləndiyi vurğulanıb. Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu proseslərdə siyasi partiyaların aktiv iştirakı təqdirəlayiq haldır.
Tərəflər qlobal tədbirlərin keçirilməsinin əhəmiyyəti, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlərin miqyası, ölkə ziyalılarının Azərbaycan reallıqlarının təbliğində rolu və digər məsələlər ətrafında da müzakirələr aparıblar.
Görüşdə informasiya məkanında vaxtaşırı təkrarlanan qərəzli təxribatlarla mübarizə məsələsi də xüsusi diqqət mərkəzində olub.
Akif Nağı öz növbəsində ölkədə siyasi partiyalara yaradılan şəraitin demokratik və sağlam siyasi münasibətlərin göstəricisi kimi qiymətləndirilməli olduğunu qeyd edib. O bildirib ki, siyasi partiyaların ictimai müzakirələrdə açıq iştirak etməsi ölkənin demokratik ənənələrinin inkişafına və partiyaların ictimai nüfuzunun yüksəlməsinə xidmət edir.
Partiya sədri rəhbərlik etdiyi siyasi təşkilat tərəfindən həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib. O vurğulayıb ki, Azad Vətən Partiyası bundan sonra da sağlam siyasi dialoq ənənələrinə sadiq qalacaq.