Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan bu gün gücünü yalnız hərbi qüdrətindən deyil, həm də beynəlxalq hüquqa əsaslanan mövqeyindən alır".
Moderator.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi sadəcə coğrafi mübahisə deyil:
"Bu, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli, təhlükəsiz və şərəfli şəkildə qayıtmaq hüququ məsələsidir. Biz bilirik ki, bu gün Ermənistan adlandırılan ərazilərdə tarix boyu azərbaycanlılar yaşamışlar. İrəvandan Göyçəyə, Zəngəzurdan Dərələyəzə qədər uzanan bu coğrafiya bizim tarixi və mənəvi irsimizin ayrılmaz hissəsidir. Burada əcdadlarımızın məzarları, mədəniyyət izləri, xatirələri və kökləri mövcuddur".
O qeyd edib ki, bu gün Azərbaycanın bayrağı Qarabağda da dalğalanır:
"Bu yeni mərhələdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası intiqam deyil, hüquq və sülh əsaslarına söykənən bir yanaşmadır.
Bu yanaşmanın əsasında müharibə yox, insanların öz doğma yurdlarına ləyaqətli şəkildə qayıtmaq hüququ dayanır. Çünki insanlar doğulduqları torpaqlara dönmək istəyirlər. Çünki bir xalqın tarixi yaddaşını silmək mümkün deyil".
Şamil Ayrım deyib ki, Azərbaycanın ortaya qoyduğu siyasət revanşist siyasət deyil. /Report/