Vüsalə Əhmədova: “Ölkəmizdəki bəzi bu tip müəssisələrdə qiymətlər xarici turlardan daha bahadır”
Son illər dünyada ən böyük rəqabət turizm uğrunda gedir. Çünki qeyri-neft sektorunun ən çox valyuta gətirən sahələrindən başlıcası turizmdir. Artıq ənənəvi turizm, hotelçilik insanların diqqətini çəkmədiyindən hər bir ölkə özünün coğrafi mövqeyinə, təbii imkanlarına uyğun müxtəlif turizm xidmətləri təklif edir ki, bunun da başında müalicəvi turizm gəlir.
Müalicəvi turizm əslində keçmiş SSRİ-də çox yayılmış turizm növü olub və ittifaq dövlətlərinin vətəndaşları məşhur sanatoriyalara üz tutublar. Azərbaycanda da elə müalicəvi turizmlə bağlı nə iş görülübsə, o dövrdə görülüb. Ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra turizmin inkişafı ilə bağlı nə qədər müzakirələr getsə də, müalicəvi-sağlamlıq turizmi arxa planda qalıb. Ölkəmizdə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları, Masallının İsti suyu və ən önəmlisi də işğaldan azad etdiyimiz ərazilərin təbii imkanları.
Lakin təəssüf ki, təbiətin nemətlərindən yetərincə faydalana bilmirik. Ölkəmizdə müalicəvi turizm digər turizm növlərinə nisbətən zəif inkişaf edib, ümumi potensialın heç 15 faizindən istifadə edilmir.
Bakı-Abşeron dənizlə əhatə olunduğundan daha çox çimərlikləri ilə tanınır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan və tərkibi yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələrlə zəngin mineral sular həm də böyük müalicə əhəmiyyətinə malikdir. Təəssüf ki, ərazidəki palçıq vulkanlarının müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmayıb. Bundan başqa, Masazır kəndində yerləşən Böyük Şor və Masazır gölləri tükənməz qiymətli müalicəvi palçıq mənbəyi sayılır. Lənkəran-Astara bölgəsi əsasən Masallı kurort təsərrüfatı ilə seçilir. İstisu Masallının möcüzəli müalicəvi təsirlərə malik təbii nemətidir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti su çıxır. Su bir çox xəstəlikləri sağaldır, hətta qədimdə yerli sakinlər bu suya min bir dərdin dərmanı olan möcüzə kimi baxıblar.
Bundan başqa, Naftalan rayonunda müalicəvi turizm daha çox inkişaf edib. 19 xəstəliyin dərmanı olan Naftalan neftinin mənbədə göstərdiyi təsir üçqat böyükdür. Bu məhsul hazırda xaricə də daşınır, lakin mənbəyinə yaxın yerlərdə təsiri daha böyükdür. Çünki məhsul daşınandan 5-6 saat sonra keyfiyyəti dəyişir, təsiri mənbədəki kimi yüksək olmur.

Gədəbəyin mineral suları çox böyük müalicəvi təsirə malikdir. Naxçıvanda böyrək daşlarının müalicəsi üçün sular var. Bu suyun dörd növ böyrək daşını salması elmi cəhətdən təsdiqini tapıb. Azərbaycandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəli rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Özü də bu sulardan təkcə müalicə müddətində deyil, həm də bərpa dövründə də istifadə etmək mümkündür.
Bundan başqa, Naxçıvandakı “Duzdağ” ağciyər xəstəliklərinin müalicəsində çox böyük təsirə malikdir. Bütün bunların tibbi baxımdan araşdırılaraq müalicəvi şəkildə tətbiqi tibbi şəkilə salınmalı və dünyada piarı təşkil olunmalıdır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Vüsalə Əhmədova bildirdi ki, günümüzdə dünyada sosial-iqtisadi şərtlərin, ekoloji şəraitin, əhalinin ümumi sağlamlıq vəziyyətinin və həyat səviyyəsinin aşağı düşdüyü, xəstəliklərin artdığı bir vaxtda dövlət səviyyəsində müalicəvi-turizm konsepsiyasının inkişaf etdirilməsi üzərində ciddi iş aparılmalıdır: “Kurortlar unikal təbii müalicəvi resursları ilə cəmiyyətin çoxsaylı sosial və demoqrafik problemlərinin həllinə imkan yaradır. Ölkəmizdə hələ Sovet İttifaqı dövründən kurort müalicəsi aparan 45 sanatoriyanın hazırda da fəaliyyət göstərdiyi bildirilir, hansı ki, onların 27-si Bakı şəhərində yerləşir. Bu gün fəaliyyətini davam etdirən dövlət mülkiyyətindəki sanatoriya komplekslərinin başlıca problemi bu müəssisələrin əksəriyyətində əsas vəsaitlərin aşınmış vəziyyətdə olmasıdır, bu da göstərilən xidmətlərin səviyyəsinə öz təsirini göstərir və müasir tendensiyalarla uyğunlaşmır”.
İqtisadçının sözlərinə görə, müalicəvi turizm sahəsinin investisiya cəlbediciliyi üçün bütün imkanlar yaradılmalıdır: “Vergi güzəştləri investorların cəlbi üçün əsas təşviq ola bilər. Əsas fondların inşası, yenidən qurulması, təmiri və ya bahalı tibbi avadanlıqların alınması kimi xərclərə üç ilədək vergi güzəştlərinin nəzərdə tutulmasını vacib hesab etmək olar. İnfrastruktur xərclərini kompensasiya etmək və sanatoriya-kurort tipli müəssisələrin güzəştli şərtlərlə icarəsi işgüzar şəxsləri bu sektora cəlb etmənin yeganə yoludur. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində yeni kurort və sanatoriya tipli müəssisələrin yaradılması da tələb olunur. Ümumiyyətlə, yaradılacaq hər bir sanatoriya-kurort tipli müəssisə ilk öncə təbii-müalicəvi potensiala malik olmalıdır. Bu tip müəssisələri digər turistik məkanlardan fərqləndirən ən önəmli xüsusiyyət məhz budur. Sanatoriya-kurort fəaliyyətinin təşkilində digər önəmli faktor isə, müəssisənin profilinə müvafiq müalicəvi-profilaktik xidmətlərin göstərilməsində yüksək peşəkarlığa malik personalın hazırlanmasıdır”.

V.Əhmədovanın fikrincə, müalicəvi turizmin inkişafında ən vacib amil xidmətlərdən yararlanmaq istəyən potensial yerli və xarici tələbin müəyyənləşdirilməsidir: “Yerli əhalinin gəlir səviyyəsi də sanatoriya-kurort xidmətlərinə tələbin formalaşmasında vacib göstəricidir. Vətəndaşların qeyri-stabil pul gəlirləri müalicəvi turizmin inkişafına mənfi təsir göstərir. Ölkəmizdəki bəzi bu tip müəssisələrdə bildiyim qədər qiymətlər xarici turlardan daha yüksəkdir. Yerli əhalinin göstərilən xidmətlərdən güzəştli istifadəsi təmin olunmalıdır. Sanatoriya-kurort kompleksinin inkişafı strategiyasının əsas məqsədi təkcə xarici turistlərin cəlb edilməsi olmamalı, o cümlədən bu komplekslər yerli turistlər üçün də əlçatan olmalıdır. Bunun üçün də qəbul şərtlərində dəyişiklik aparılmalı, doğru qiymət siyasəti yeridilməlidir.
Günümüzdə hər hansı bir müəssisənin uğurlu inkişafının təminatçısı düzgün qurulmuş marketinq strategiyasıdır. Ölkəmizdə fəaliyyət göstərən müalicəvi-kurort kompleksləri əsasən ürək-damar, sinir sistemi, sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji, uroloji xəstəliklərin müalicəsi ilə məşğul olur. Məsələn, bu xəstəliklərin ən çox yayıldığı bölgələrdə doğru marketinq strategiyası aparmaqla turistlərin cəlb olunması təşkil oluna bilər. Bu komplekslərdə aparılan müalicənin effektivliyi ilə bağlı ətraflı məlumat verilməlidir. Bilirsiz ki, heç bir xarici turist aparılan müalicənin effektivliyinə zəmanət verilməyən bir yerə müraciət etməz. Dayanıqlı istehlakçı tələbinin perspektiv inkişafı üçün ərazi, o cümlədən sanatoriya-kurort tipli müəssisə korperativ brendləşdirilməlidir. Məhsulların satışı üçün bütün kanallarından (turoperatorlar və turizm agentlikləri) istifadə olunmalıdır. Bütün bunlar isə planlaşdırılmış dövlət dəstəyi və bazar mexanizmlərinin birləşdirilməsi ilə mümkündür".
Xarici təcrübəyə toxunan iqtisadçı alim vurğuladı ki, 2017-ci ildə dünyada müalicəvi kurort turizmindən 40 milyard dollar gəlir əldə edilib: “Dünyada ən populyar müalicəvi kurort komplekslərini sayacaq olsaq bunlar: Leukerbad (İsveçrə), Karlovy Vary (Çexiya), Loipersdorf (Avstriya), Bad-Kissingen (Almaniya), Blue Lagoon (İslandiya), Fiuggi (İtaliya), Druskininkai (Litva), Dolenjske Toplice (Sloveniya), Heviz (Macarıstan), Pamukkale (Türkiyə), Kislovodsk (Rusiya), Borjomi (Gürcüstan), Glenwood Springsdir (ABŞ). Qeyd etdiyim komplekslərin çoxu termal kurortlardır. Dünya üzrə kurort proqramları arasında Sloveniyanın ”Terme Olimia" kurortundakı osteoporoz müalicə proqramları çox populyardır. Üstəlik, bu cür proqramlar üçün müraciətlərin çoxunun yaz və payız aylarında daxil olduğu bildirilir və öncədən rezervasiya edən müştərilərə müəyyən güzəştlər təklif olunur. Məsələn, Sloveniyadakı bir çox spa kompleksləri qonaqlarına sağlamlıq və spa proqramlarına 30 faizlik endirim təqdim edir. Hansı ki, ölkəmizdə də termal və spa xidmətləri təklif oluna biləcək bu tip komplekslər Kəlbəcər, Qax, Masallı, Qəbələ kimi bölgələrimizdə yaradıla bilər.
“Euromonitor International”ın məlumatlarına əsasən 2017-ci ildə dünyada tibbi turizmdən gələn gəlirlər 15 milyard dollar, müalicəvi-kurort tipli turizmdən gələn gəlirlər isə 40 milyard dollar təşkil edib. Təşkilatın proqnozlarına görə, 2022-ci ilə qədər bu rəqəmlər üç dəfə arta bilər. Eyni zamanda son bir ildə dünyada ən çox müalicəvi-turizmdən istifadə edənlərin Çin vətəndaşlarının olması da maraqlıdır. Çin ilk dəfə bu göstəricidə ABŞ-ı qabaqlayır. Bu tendensiyanın ən azı növbəti beş il ərzində davam edəcəyi və Çinin xaricdəki tibbi turizm üçün ən böyük tələb mənbəyi olacağı gözlənilir. Çinlilər arasında müalicə üçün ən çox ziyarət edilən ölkələr Tailand və Sinqapurdur.Naçalo formı Eyni zamanda, tədqiqatlar onu da göstərir ki, tibbi və müalicəvi turizm proqramlarına tələb getdikcə daha da artacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bunun əsas səbəbini insanların daha sağlam həyat tərzi keçirmək istəyi, daha yüksək gəlir və təhsil səviyyəsi ilə əsaslandırır".
Qeyd edək ki, tibbi turizm sahəsində Türkiyə də öndə gedən ölkələrdəndir. Türk Tibbi Turizm Şurasının qurucusu bir açıqlamasında son dövrlərdə Türkiyənin fizioterapiya və reabilitasiya sahəsində lider mövqe tutduğunu bildirmişdi. Türkiyənin tibbi-müalicəvi turizmdən gələn gəliri 7 milyard dollar təşkil edir. Ümumiyyətlə, pandemiyayla əlaqədar dünyada, o cümlədən də Türkiyədə turist sayında nəzərəçarpacaq azalma baş verdi. Ancaq müalicəvi-turizm ümumi turizm sektorunda son bir neçə ildə gəlirləri artan yeganə sahə oldu demək olar. Türkiyədəki müalicəvi turizm sektoru əsasən ərəb ölkələri, Afrika ölkələri, Orta Asiya, Türk dövlətləri, o cümlədən Avropadan olan turistləri cəlb edir. Türkiyə dünyada müalicəvi-turizmdə Yaponiya və ABŞ-dan sonra liderdir. Hədəf 2023-cü ilə qədər müalicəvi-turizm gəlirlərini 20 milyard dollara çatdırmaqdır. Bundan əlavə, Türkiyənin sektoru canlandırmaq və Avropa ölkələrindən 55 yaşdan yuxarı 125 milyon turist cəlb etmək üçün turizm sahəsində Yunanıstanla əməkdaşlığı gücləndirmək niyyətində olduğu bildirilir.(Musavat.com)