“Kremldəkilər Azərbaycanın xəritəsi haqda yox, sabah Qırmızı meydanın təsvirinin necə dəyişiləcəyi barədə düşünsünlər...”
Ekskluziv
141
17:57, Bu gün

“Kremldəkilər Azərbaycanın xəritəsi haqda yox, sabah Qırmızı meydanın təsvirinin necə dəyişiləcəyi barədə düşünsünlər...”

“Zənnimcə,  Qarabağla-filanla bağlı belə mövzular gündəmə gətirilir ki, həm Rusiyanın özündə, həm də bizim regionda Ukrayna məsələsi ya unudulsun, ya da gündəmdən bir qədər çıxarılsın... Amma artıq əbəsdir,  gecdir...”
 
“Bilirsiniz, Kremlin bu cür addımlarının məqsədi bizə bu və ya digər şəkildə təsir etmək, qıcıq yaratmaq ola bilər. Amma Moskvadakılar bilməlidirlər ki, artıq balans,vəziyyət tamamilə dəyişib və geriyə dönüşün heç bir alaməti yoxdur. Yəni nə Rusiyanın keçmişdəki imkanları bərpa oluna bilər, nə də Ermənistanın. Hesab edirəm ki, bu məsələdə biz özümüzü rahat hiss etməliyik. Bəli, bu cür təxribatlara cavab verməliyik, amma belə addımlarla bizi qorxutmaq olmaz. Bundan əvvəl də bizə qarşı guya birbaşa hərbi əməliyyat keçirmək və digər hədələr olub, amma nəticəsi olmayıb. Hər halda Azərbaycan indiki mərhələdə öz real gücünü çox yaxşı dərk edir və bilir ki, Türkiyə kimi bir dövlətlə müttəfiqdir. Əminəm ki, Rusiyadakı ciddi insanlar da bunları yaxşı başa düşürlər.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu günlərdə  Rusiyanın rəsmi dövlət kanalı olan  “1-ci kanalı”nın “Vremya pokajet”(“Zaman göstərər”) verilişində Azərbaycanın təhrif edilmiş- keçmiş qondarma separatçı “Dağlıq Qarabağ” qurumunun daxil edilmiş xəritəsini yayımlaması barədə danışarkən səsləndirib.
 
“Hətta Ermənistanda gözlənilən seçkilərdə indiki hakimiyyət məğlub olsa, Qarabağ klanı kimi revanşist bir hakimiyyət qurulsa və indiki Rusiya arxalarında dayansa belə, artıq onların Qarabağı geri qaytarmaq imkanları yoxdur. Və artıq Ermənistanın həmin revanşist dairələrinin liderləri də Qarabağın geri qaytarılmasından danışmağa cəsarət etmirlər. Onlar bunun mümkün olmadığını açıq şəkildə qəbul edirlər. Çünki onu da yaxşı başa düşürlər ki, artıq Ermənistanda çoxları öz övladlarını özgə torpaqlarını ələ keçirmək uğrunda müharibəyə göndərməyi ya istəmir, ya da buna hazır deyil”, -deyə davamında siyasi şərhçi bildirib.
 
“Düşünürəm ki, digər tərəfdən də Kremldə belə Qarabağla-filanla bağlı mövzular gündəmə gətirilir ki, həm Rusiyanın özündə, həm də bizim regionda Ukrayna məsələsi ya unudulsun, ya da gündəmdən bir qədər çıxarılsın. Müxtəlif mövzularla diqqət yayındırmağa çalışırlar... Amma artıq əbəsdir, gecdir... 
Əslində  hazırda vəziyyət Rusiyanın özü üçün çox ağırdır.  Putin, az qala, o adam qalmayıb yalvarsın ki, Zelenskidən xahiş edin- parad günü Moskvanı vurmasın.  Bütün bunlar onu göstərir ki, Rusiya bir hərbi güc olaraq da ciddi şəkildə zəifləyib. Və bu və digər səbəblərdən, öncə dediyimiz kimi, Rusiyanın dövlət telekanalı tərəfindən keçmiş Dağlıq Qarabağın daxil edildiyi xəritələrin yayımlanması ciddi nəzərdə tutulmuş addım deyil. Çünki özləri də bilirlər ki, Qarabağı yenidən Azərbaycanın əlindən almaq gücləri yoxdur. Onlar yalnız diqqəti mövzudan yayındırmaq və öz jurnalistləri, təbliğatçılarının fikirlərini başqa yerlərə yönəltməyə çalışırlar.  Amma  Rusiyanın indiki durumunda Moskvada oturub Azərbaycanın, yaxud Ermənistanın problemlərini müzakirə etmək gülüncdür. Onlar getsinlər sabah Qırmızı meydanda nə baş verəcək ondan danışsınlar, Qırmızı meydanın xəritəsinin, təsvirinin necə dəyişiləcəyini düşünsünlər”, - deyə sabiq baş diplomta vurğulayıb.
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər