Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Almaniyanın nüvə silahına yaxınlaşmasını müharibə səbəbi adlandırıb...
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniyanın yenidən hərbiləşmə kursu götürdüyünü və İkinci Dünya müharibəsindəki məğlubiyyətə görə revanş almağa çalışdığını iddia edib.
Moderator.az xəbər verir ki, bu barədə "diewelt.com" nəşri yazıb.
"Almaniyanın hüquqi əsası yoxdur" iddiası
Medvedev RT telekanalına yazdığı məqalədə Almaniya hökumətini sərt tənqid edərək bildirib ki, müasir Almaniyanın mövcudluğu üçün "kifayət qədər hüquqi əsas yoxdur". Onun sözlərinə görə, 1990-cı ildə AFR ilə ADR-in birləşməsi vətəndaşların "azad iradə ifadəsi" olmadan həyata keçirilib və əslində ADR AFR tərəfindən "udulub".
O iddia edib ki, alman dövlətçiliyinin hüquqi bazası "olduqca zəifdir" və birləşmədən sonra baş verən proseslər hüquqi baxımdan etibarsız sayıla bilər. Ekspertlər isə bildirirlər ki, Almaniyanın yenidən birləşməsi üçün referendum nə beynəlxalq hüquq, nə də Almaniya Konstitusiyası baxımından zəruri olub.
İkinci Dünya müharibəsindən sonra parçalanmış Almaniya 3 oktyabr 1990-cı ildə həm Şərqi, həm də Qərbi Almaniya parlamentlərinin qərarları əsasında birləşib.
"Berlin öhdəlikləri sabotaj edir"
Medvedev Almaniyanı beynəlxalq öhdəlikləri sabotaj etməkdə də ittiham edib. O, 2024-cü ilin oktyabrında Rostokda NATO-nun "CTF Baltic" dəniz qərargahının açılmasını buna nümunə göstərib.
Onun fikrincə, keçmiş ADR ərazisində belə qərargahın yerləşdirilməsi 1990-cı ildə imzalanmış "Almaniya ilə bağlı yekun tənzimləmə haqqında" müqaviləni pozur və Almaniyanın hüquqi statusunu şübhə altına sala bilər.
Almaniya hökuməti isə bəyan edir ki, Rostokdakı qərargah Almaniya komandanlığı altında fəaliyyət göstərən milli hərbi obyekt sayılır. Almaniyanın Rusiyadakı səfiri Alexander Lambsdorff da bildirib ki, "CTF Baltic" qərargahı "iki üstəgəl dörd" müqaviləsini pozmur.
"Nüvə silahına yaxınlaşmaq müharibə səbəbidir"
Medvedev Almaniyanı öz nüvə silahını əldə etmək cəhdlərindən də çəkindirib. O bildirib ki, Almaniyanın nüvə silahına "yaxınlaşması belə" Rusiya üçün formal müharibə səbəyi hesab oluna bilər.
Hazırda Almaniyanın öz nüvə silahı yoxdur, lakin ölkə ərazisində ABŞ-a məxsus nüvə başlıqları yerləşdirilib. Kansler Friedrix Mers və hökuməti isə Almaniyanın nüvə silahına sahib olmasını tamamilə istisna etdiklərini bəyan ediblər.