“Bir müddət əvvəl bir müğənni mənim haqqımda deyib ki, 90 yaşında Cavan Zeynallını niyə efirə gətirmisiz?! Mənə hamının hörməti var. Rəsmi xalq artistiyəm, bəs o kimdir? Mənə dövlətimin qayğısı və diqqəti var. İnternetdə belə şeylər yazmasınlar.. Bu sözü ilə məni biyabır etdi. İnanın ki, verilişlərə çıxmaq istəmirəm. Güc-bəla ilə dostların xatirinə gedirəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.
O daha sonra həyat yoldaşı Röya xanımla tanışlıq hekayəsini bölüşüb:
“Qusarda konsert verəndə gördüm ki, bir xanım yaxınlaşıb mənə gül verir. Elə gözəl güllər idi ki.. Sən demə bu mənim gələcək həyat yoldaşım Röya xanım idi.. Mikrofonu götürüb həm ona, həm də verdiyi güllərə xoş sözlər dedim. Mən ona aşiq oldum. Bir gün keçəndən sonra mənə dedi ki, atam və anam da səninlə tanış olmaq istəyir. Atası məktəb direktoru idi. Gözəl insan idilər. 30 ilə yaxın birlikdə yaşadıq. O məni qoruyurdu. Onun üçün qırmızı maşın almışdım. Bir dəfə mən ona maşın sürməyi öyrətmişəm, sonra özü öyrənib və sərbəst sürürdü. Hara gedirdiksə özü aparıb gətirirdi. Getdim musiqi məktəbinə, qayıdanda gördüm ki, nə maşın var, nə də özü. Sən demə Röya xanım maşını götürüb gedib. Artıq peşəkar sürücü idi” deyə o bildirib.
Cavan Zeynallı Cavanşir adını Cavana dəyişdiyini bildirib:
“O vaxt Moskvada qastrol səfərlərində tez-tez olurdum. Həm konsertdən sonra qızlar gəlib avtoqraf götürüb, şəkil çəkdirirdilər. Bir dəfə adımın Cavanşir olduğunu bildilər. Çünki məni səhnədə “Cavanşir Zeynallı” kimi təqdim etmişdilər. Qızlar adımı eşidən kimi qaçdılar.. Ona görə də Cavanşir adımı dəyişib Cavan qoydum. Cavan mənim səhnə, Cavanşir isə əsl adımdır” deyə o bildirib.