“İmprovizəni çox vaxt komediya aktyorları edir. Əgər komediya aktyorunun bu qanında-canında varsa müəllifin yazdığından bir az kənara çıxa bilər. Amma çərçivədən kənara çıxıb, şitliyə varmaq olmaz. İmprovizədə senarini və rejissor işini unutmaq olmaz. Uzun illərdir Dövlət Kukla Teatrında çalışıram. Mənim improvizəm olmasa o tamaşanı aktyor kimi heç vaxt oynaya bilmərəm. Bunu rejissorlar da, teatra əsəri gətirən müəllif də bilir. Dövrü qədimdən improvizəni xoşlamışam”.
Bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla Teatrının aparıcı aktyoru, Əməkdar artist Rəhman Rəhmanov deyib.
O daha sonra əlavə edib:
“Siz bilirsiz ki, Sabit Rəhmanın “Hicran” əsərinin tamaşası improvizə üzərində qurulub. Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov bu tamaşanın demək olar ki, 50 faizini improvizə üzərində oynayıblar. Hətta müəllif belə öz əsərini tanımayıb. Bütün tamaşaçılar bu tamaşaya dönə-dönə baxır və həzz alır. Burada improvizələr yerində olub. Artıq-əskik heç nə olmayıb. Klassik tamaşalara improvizə yaraşmır. Yaşar Nuri bizim teatrda 4-5 dəfə “Məşədi İbad” tamaşasını oynadı. Sonra səhhəti imkan vermədiyinə görə mən oynamağa başladım. Onun ifasında mən bu tamaşaya baxanda gördüm ki, Yaşar Nuri kimi bizim görkəmli sənətkarımız da çalışır ki, klassikada çox improvizə etməsin. Üzeyir bəy bu əsəri elə yazıb ki, orada improvizə etmək çox çətindir. Xırda improvizələr etdim, yerinə düşdü. Tərəf müqabilin də gərək sənin etdiyin improvizəni qəbul etsin və ona cavab versin. Tərəf müqabilin olmayandan sonra sən nə improvizə edəsən?! Bu gərək aktyorun, aktrisanın canından gəlsin” deyə aktyor bildirib.
Sənətkar film və seriallarda çəkilməməsinin səbəbini də açıqlayıb:
“Nə yalan deyim, özümə uyğun serial və film yoxdur ki, çəkilim. Bir yandan baxanda seriallar aktyorların maddi vəziyyətlərini yaxşılaşdırır. Amma səhhətimə görə bir az ehtiyat edirəm. Çünki serialda aktyor müntəzəm olaraq çəkilir. Tez-tez xəstələnirəm, dərmanla yaşayıram. Bu baxımdan bir az mənim rejimimə görə çətindir. Həm də axı hər rolu oynaya bilmərəm. O vaxtı “Səhər görüşləri”-nə çəkiləndə Nəsibə Zeynalova ilə səhnəm var idi. Digər bir səhnəcikdə isə klounla bağlı epizod var idi. Mən üzümü yuyanda kloun sabunu götürüb burnuma vurur və mən onun arxasınca qaçıram. Bütün bunlar da çəkilirdi. Mən nə biləydim ki, Nəsibə xanım bizi müşahidə edir?! Çəkilişlərdən sonra Nəsibə xanım mənə yaxınlaşıb dedi ki, “Rəhman, sən yaxşı aktyorsan, amma heç istəməzdim ki, belə rollar oynayasan. Belə rollara getmə”. Onun bu sözü qulağımda sırğa oldu. Aktyor olan şəxs gərək yüngüllük etməsin” deyə sənətkar bildirib.