“Kamaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Mədəniyyət
154
16:10, Bu gün

“Kamaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu

“Kamaləddin Heydərovla birgə Alim Qasımov üçün iki yeni mahnı hazırlamışıq. Yaxın günlərdə həmin mahnılar işıq üzü görəcək. Alim Qasımov üçün indiyədək Kamal müəllimlə birgə daha üç mahnı ərsəyə gətirmişik. Onlardan biri “Qalanı xatirədir”, digəri “İlahi”, üçüncüsü isə “Yalan oldu” mahnılarıdır. Yeni mahnılar isə “Bağışladım” və “Sənsən” şeirlərimə bəstələnmiş musiqi əsərləridir”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O bildirib ki, Kamaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir:
 
“40 ildən çoxdur ki, bizim yaradıcılıq tandemimiz davam edir. Kamal müəllimlə bir-birimizi yarım sözdən anlayırıq. Bilirəm ki, hansı mövzulara daha çox maraq göstərir, mahnının hansı üslubda olmasını istəyir. On ildən artıqdır ki, bəzi mahnıları yazarkən əvvəlcədən bildirir ki, bunu xüsusi olaraq Alim üçün bəstələyib.
 
Məsələn, “Qalanı xatirədir” mahnısı sırf Alim Qasımov üçün yazılmışdı. Bu mahnını çoxları ifa edib, amma ona öz möhürünü Alim vurub. “Yalan oldu” isə Alimin səsləndirdiyi son mahnımız idi. Həmin əsəri şəhid analarının istəyi ilə hazırlamışdıq və o, “Qalanı xatirədir” mahnısının davamı kimi ərsəyə gəlib.
 
Kamal müəllim əvvəldən deyir ki, hansı mahnını kimin oxumasını istəyir. Bunu o qədər dəqiq müəyyənləşdirir ki, mənə əlavə söz deməyə ehtiyac qalmır. Mahnını hansı ifaçının səsləndirməsinin daha uğurlu olacağını böyük dəqiqliklə seçir. Mahnılarımızı Röya, Aygün Kazımova, Zamiq və digər tanınmış ifaçılar səsləndiriblər.
 
Əksər hallarda özü deyir ki, bu mahnını filankəs üçün nəzərdə tutmuşam, onu ən yaxşı həmin ifaçı oxuya bilər. Ən maraqlısı isə odur ki, sonradan bunun nə qədər doğru seçim olduğunu görürük. Doğrudan da həmin mahnılar məhz o ifaçıların səsində daha uğurlu alınır.
 
Bizim Kamal müəllimlə iş metodumuz bir qədər fərqlidir. Demək olar ki, həmişə əvvəlcə musiqi bəstələnir, sonra mən ona söz yazıram. Məsələn, Heydər Əliyevə həsr olunmuş himnin musiqisi hazır olandan sonra mən qısa müddətdə ona sözlər yazmışdım.
 
Kamal müəllimlə birlikdə Leyla Əliyevanın da bir sıra şeirlərini mahnıya çevirmişik. Həmin əsərlərin yaranmasında yaxından iştirak etmişəm. Sevdiyim şeirləri mahnılaşdırmış, onların təqdim olunmasına çalışmışam”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər