187
15:42, Bu gün

"PSJ - "Arsenal": Çempionlar Liqasının finalında favorit müəyyənləşdi - "The Mirror"

 
Bukmekerlər kubok uğrunda həlledici görüşdə Paris klubuna daha çox şans verirlər...
 
2025/26 mövsümü üzrə UEFA Çempionlar Liqasının qalibi mayın 30-da bəlli olacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
 
Finala aparan yol
Nəşr yazır ki, Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək final qarşılaşmasında Fransanın "PSJ" və İngiltərənin "Arsenal" klubları üz-üzə gələcəklər. Paris təmsilçisi finala asan yolla gəlməyib. Əsas mərhələni yalnız 11-ci pillədə başa vuran komanda pley-off mərhələsində əlavə oyunlar keçirməli olub. Luis Enrikenin yetirmələri əvvəlcə "Monako"nu, daha sonra isə ardıcıl olaraq "Çelsi", "Liverpul" və "Bavariya" kimi Avropanın nəhəng klublarını mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar. 
 
"Arsenal" isə turnirin əsas mərhələsində daha uğurlu çıxış edib və birinci yeri tutaraq birbaşa 1/8 finala yüksəlib. Mikel Artetanın komandası pley-off mərhələsində "Bayer", "Sportinq" və "Atletiko"nu keçərək 20 ildən sonra yenidən Çempionlar Liqasının finalına çıxmağı bacarıb.
 
Bukmekerlərin seçimi
Bukmeker kontorlarının proqnozlarına görə, final görüşünün əsas favoriti "PSJ"dir. Paris klubunun əsas vaxtda qələbəsinə 2,36 əmsal verilir. Oyunun heç-heçə başa çatacağı ehtimalı 3,40, "Arsenal"ın 90 dəqiqə ərzində qələbəsi isə 3,10 əmsalla qiymətləndirilir.
 
Mütəxəssislər hesab edirlər ki, Paris təmsilçisinin heyətindəki təcrübə və son illərdə qazandığı beynəlxalq uğurlar komandaya müəyyən üstünlük verir. Xüsusilə də ötən mövsüm əldə edilən çempionluq "PSJ"nin psixoloji baxımdan daha rahat çıxış etməsinə kömək edə bilər.
 
Kubokun sahibinə dair ümumi proqnozlarda da Fransa klubu öndə göstərilir. Əlavə vaxt və mümkün penaltilər də nəzərə alınmaqla "PSJ"nin turnirin qalibi olmaq ehtimalı 1,71, "Arsenal"ın isə 2,14 əmsalla dəyərləndirilir.
 
Tarix yazmaq imkanı
 
"PSJ" ötən mövsüm finalda İtaliyanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Maraqlıdır ki, həmin mövsüm yarımfinalda da Paris təmsilçisi məhz "Arsenal"ı məğlub etmişdi.
 
Bu dəfə Fransa klubu ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirini qazanmağa çalışacaq. Parislilər üçün bu, klub tarixində üçüncü Çempionlar Liqası finalı olacaq. Komanda daha əvvəl 2020-ci ildə final oynasa da, "Bavariya"ya uduzaraq kubokdan kənarda qalmışdı.
"Arsenal" isə tarixində ikinci dəfə Çempionlar Liqasının finalında çıxış edəcək. London təmsilçisi sonuncu dəfə 2005/06 mövsümündə həlledici oyuna yüksəlmiş, lakin "Barselona"ya 1:2 hesabı ilə məğlub olmuşdu. Buna görə də Artetanın komandası təkcə kubok uğrunda deyil, həm də klub tarixinin ən böyük uğurlarından birinə imza atmaq üçün meydana çıxacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər