313
13:10, Bu gün

"Donbasla kifayətlənmir": Putin Kiyev və Odessaya qədər uzanan plan qurur" - "Financial Times"

 
"Kremldə hesab edirlər ki, Ukraynanın müqaviməti zamanla zəifləyəcək və bu, Rusiyaya həm cəbhədə, həm də danışıqlarda üstünlük verəcək..."
 
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə təkcə Donbasla kifayətlənməyə bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
 
Donbasdan kənara uzanan plan
 
Nəşrin Kremlin qapalı müzakirələri ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Moskva Kiyev və Odessa daxil olmaqla daha geniş ərazilərə nəzarəti strateji məqsəd kimi nəzərdən keçirir.
 
Mənbələr bildirir ki, Kreml mövcud hərbi vəziyyətin hücumu davam etdirməyə imkan verdiyinə inanır və bu fonda danışıqlardakı tələblərini mərhələli şəkildə genişləndirməyə çalışır. Nəşrə danışan mənbələrdən birinin sözlərinə görə, Kremlin planı heç vaxt yalnız hazırkı cəbhə xətti ilə məhdudlaşmayıb: "Plan həmişə Kiyevi almaq olub. Qarşıya qoyulan vəzifə yerinə yetirilməlidir". 
Məlumata görə, Rusiya hərbi komandanlığı Vladimir Putini inandırıb ki, işğalçı qüvvələr bu ilin payızına qədər Donbası tam nəzarətə götürə bilər. Kreml isə mümkün uğurları gələcək atəşkəs və ya sülh danışıqlarında əlavə təzyiq vasitəsinə çevirmək niyyətindədir.
 
Odessa və Dnepr xətti hədəfdədir
 
Nəşr yazır ki, Moskva xüsusilə Ukraynanın mərkəzi və cənub bölgələrinə, o cümlədən Qara dənizə çıxış baxımından strateji əhəmiyyət daşıyan Odessa istiqamətinə maraq göstərir. 
 
Mənbələrin fikrincə, Kremlin uzunmüddətli məqsədi ən azı Dnepr çayına qədər Ukrayna üzərində dominantlıq yaratmaqdır ki, bu da Kiyevin və Odessa limanının nəzarətə götürülməsi anlamına gəlir.
 
Ukrayna hərbi kəşfiyyatının rəhbər müavini Vadim Skibitski isə xəbərdarlıq edib ki, Donbasın tam işğalı Moskvanın son məqsədi olmaya bilər. Onun sözlərinə görə, növbəti mərhələdə Kreml Xerson və Zaporojye bölgələri ilə bağlı da yeni tələblər irəli sürə bilər.
 
Kreml danışıqlarda güzəşt istəmir
 
Nəşr qeyd edir ki, Kreml Ukrayna ordusunun zaman keçdikcə zəifləyəcəyinə ümid edir. Mənbələrin sözlərinə görə, Vladimir Putinə təqdim olunan hesabatlarda Ukrayna müdafiəsinin tədricən sarsıldığı və canlı qüvvə çatışmazlığının artdığı vurğulanır. Eyni zamanda, Moskva və Kiyev ABŞ vasitəçiliyi ilə aparılan danışıqlardan artıq ciddi nəticə gözləmir.
 
Ukrayna tərəfi Vaşinqtonun Rusiyanı mövqeyini yumşaltmağa məcbur edə bilməməsindən narazıdır və danışıqları faktiki olaraq dalana dirənmiş hesab edir. Kreml isə bunun fonunda maksimalist mövqeyini daha da sərtləşdirərək güzəştə hazır olmadığını nümayiş etdirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər