Seçki ərəfəsində Ermənistanda Azərbaycan niyə gündəmdədir? – Deputat səbəbləri açıqladı
Ekskluziv
441
18:15, Bu gün

Seçki ərəfəsində Ermənistanda Azərbaycan niyə gündəmdədir? – Deputat səbəbləri açıqladı

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi müzakirələr daha da güclənir. Bu prosesdə ən çox diqqət çəkən məsələlərdən biri Azərbaycanla bağlı mövzuların gündəmdə ön plana çıxmasıdır. Seçki kampaniyasında həm hakimiyyət, həm də müxalifət nümayəndələri xarici siyasət və regional vəziyyətlə bağlı fikirlər səsləndirirlər. 

Maraqlıdır, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində həm hakimiyyətin, həm də müxalifətin çıxışlarında Azərbaycan amilinin əsas müzakirə mövzusuna çevrilməsi nə ilə bağlıdır? Bu tendensiya Ermənistanın daxili siyasi gündəminin zəiflədiyini, yoxsa Azərbaycanla münasibətlərin artıq ölkənin siyasi gələcəyini müəyyən edən əsas faktora çevrildiyini nəhayət ki, anladıqlarını göstərir? 

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva açıqlama verib. 

Deputat bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində diqqət çəkən əsas məqamlardan biri həm hakimiyyətin, həm də müxalifətin çıxışlarında Azərbaycan amilinin xüsusi yer tutmasıdır:

"Seçki kampaniyasının ilkin mərhələsindən etibarən Bakı-İrəvan münasibətləri, sülh gündəliyi, sərhədlərin delimitasiyası və regionda formalaşmış yeni geosiyasi reallıqlar Ermənistanın daxili siyasi müzakirələrinin əsas istiqamətlərindən birinə çevrilib. Bu tendensiya ilk növbədə onu göstərir ki, Azərbaycanla münasibətlər artıq Ermənistan üçün yalnız xarici siyasət məsələsi deyil. Son illərdə baş verən hadisələr fonunda bu mövzu ölkənin təhlükəsizlik strategiyası, iqtisadi perspektivləri, regional inteqrasiya imkanları və ümumilikdə gələcək inkişaf modeli ilə birbaşa bağlı məsələyə çevrilib.  

Müşahidələr göstərir ki, qarşıdan gələn seçkilərdə mübarizənin təkcə hakimiyyət uğrunda deyil, həm də Ermənistanın gələcək siyasi kursunun müəyyənləşdirilməsi uğrunda aparılacağını göstərir. Bu baxımdan, ölkənin siyasi qüvvələri iki fərqli yanaşma arasında seçim qarşısındadır. Hakimiyyət təmsilçiləri regionda yaranmış yeni reallıqların nəzərə alınmasının vacibliyini vurğulayır, qonşularla münasibətlərin normallaşdırılmasının və kommunikasiyaların açılmasının Ermənistanın inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirirlər. Müxalifətin bir hissəsi isə revanşist ritorikanı davam etdirərək cəmiyyətdə keçmiş status-kvonun bərpa olunacağına dair gözləntilər formalaşdırmağa çalışır. Məhz bu səbəbdən Azərbaycan məsələsi seçki debatlarının mərkəzində dayanır. Çünki söhbət artıq yalnız iki dövlət arasındakı münasibətlərdən deyil, Ermənistanın hansı inkişaf modelini seçəcəyindən gedir".

Millət vəkili vurğulayıb ki, bununla yanaşı, Azərbaycan amilinin seçki gündəmində bu qədər ön plana çıxması Ermənistanın daxili siyasi sistemində mövcud olan problemləri də üzə çıxarır:

"Ölkədə uzun illərdir həllini tapmayan sosial-iqtisadi məsələlər, əhalinin azalması, investisiya çatışmazlığı, iqtisadi inkişafın zəif tempi və təhlükəsizlik sahəsində mövcud problemlər fonunda siyasi qüvvələrin əhəmiyyətli hissəsi seçicilərə aydın və real inkişaf proqramı təqdim etməkdə çətinlik çəkir. Nəticədə xarici siyasət mövzuları, xüsusilə Azərbaycanla münasibətlər daxili siyasi mübarizənin əsas alətlərindən birinə çevrilir. Həm hakimiyyət, həm də müxalifət seçici dəstəyini məhz bu mövzu üzərindən səfərbər etməyə çalışır. Son illərin təcrübəsi göstərir ki, Ermənistanın daxili siyasi sabitliyi və iqtisadi perspektivləri regionda formalaşan yeni reallıqlarla sıx bağlıdır. Azərbaycanın regional proseslərdə artan rolu, nəqliyyat və enerji layihələrində mühüm mövqeyi, həmçinin Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik mühiti Ermənistan siyasi dairələrinin diqqət mərkəzindədir.

 Bu baxımdan, Azərbaycan amilinin seçki kampaniyasının əsas mövzularından birinə çevrilməsi təsadüfi deyil. Ermənistanın gələcək inkişaf imkanları, regional layihələrə qoşulması, iqtisadi kommunikasiyaların açılması və təhlükəsizlik məsələləri birbaşa olaraq Bakı ilə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Parlament seçkilərinin nəticələri Bakı-İrəvan münasibətlərinin gələcək inkişafına da təsirsiz ötüşməyəcək. Hakimiyyətin mövqelərini qoruyub saxlaması sülh gündəliyinin davam etdirilməsi üçün daha əlverişli şərait yarada bilər. Bununla belə, Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi, xüsusilə sülh sazişinin imzalanmasına mane olan hüquqi və siyasi problemlərin aradan qaldırılması hələ də aktuallığını qoruyur.

Revanşist qüvvələrin mövqeləri güclənərsə, bu, regionda sabitliyin möhkəmləndirilməsi prosesini çətinləşdirə, danışıqların tempinə mənfi təsir göstərə bilər. Bu səbəbdən qarşıdan gələn seçkilər yalnız Ermənistanın daxili siyasi həyatında deyil, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizlik perspektivləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycan amilinin siyasi gündəmin mərkəzinə çıxması bir tərəfdən ölkədaxili problemlərin fonunda siyasi qüvvələrin diqqəti xarici siyasət mövzularına yönəltməsi ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanla münasibətlərin artıq Ermənistanın gələcək inkişaf modelini müəyyən edən əsas amillərdən birinə çevrildiyini göstərir. Məhz buna görə də, seçkilərin nəticələri yalnız İrəvanın daxili siyasi kursunu deyil, həm də regionda sülh prosesinin gələcək istiqamətlərini müəyyənləşdirə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər