Aqrar sektorda yeni mərhələ: Problemlər və imkanlar – MÜSAHİBƏ
Ekskluziv
711
19:40, Bu gün

Aqrar sektorda yeni mərhələ: Problemlər və imkanlar – MÜSAHİBƏ

Qlobal çağırışlar, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ərzaq bazarındakı risklər fonunda kənd təsərrüfatı artıq yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsi kimi ön plana çıxır. Azərbaycanda aqrar sektorun inkişafı, daxili istehsalın artırılması və müasir texnologiyaların tətbiqi dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirədə bu sahəyə dair səsləndirdiyi mühüm mesajlar, mövcud vəziyyətin təhlili və qarşıya qoyulan hədəflər aqrar siyasətin yeni mərhələyə keçidini daha da aktuallaşdırıb.

Moderator.az bu istiqamətdə görülən işlər, həyata keçirilən dövlət proqramları və qarşıda duran vəzifələrlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik:

— Tahir müəllim, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının kənd təsərrüfatında yaratdığı dönüş və Prezident İlham Əliyevin dünənki müşavirədə səsləndirdiyi əsas mesajlar barədə nə deyə bilərsiniz?

– Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının uğurla yerinə yetirilməsi ölkədə bütün sahələrin inkişafı ilə bərabər, kənd təsərrüfatında da əsaslı dönüşün yaranmasına imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə geniş şəkildə çıxış etmiş, aydın yol xəritəsini müəyyənləşdirmiş və bildirmişdir ki, görülən tədbirlər insanlara qayğı ilə yanaşı, kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər nəticəsində su, işıq, qaz və yol kimi bir sıra ciddi problemlərin aradan qaldırılmasına səbəb olmuş, bu isə əhalinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı aqrar sektorun inkişafına da mühüm təkan vermiş və müəyyən sahələrdə uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

— Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində nəticələrin hələ qaneedici olmadığını bildirdi. Bu sahələrdə potensialın artırılması üçün hansı addımlar vacibdir?

– Ölkə rəhbəri pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əldə olunan nəticələrə diqqət çəkərək bildirmişdir ki, bu göstəricilər hələlik qənaətbəxş hesab edilmir. Çünki ölkənin kənd təsərrüfatı potensialı yüksəkdir və onun daha da artırılması mümkündür. Əlbəttə ki, bu artım milli təhlükəsizliyin, ərzaq təhlükəsizliyinin təmin olunması, vətəndaşların yerlərdə daha dayanıqlı məskunlaşması, həmçinin onların rifah səviyyəsinin və gəlirlərinin yüksəldilməsi deməkdir. Buna görə də kənd təsərrüfatı mühüm sahə kimi daim diqqət mərkəzində saxlanılmalı və bu sahəyə olan diqqət gündən-günə artırılmalıdır.

— Müasir texnologiyaların tətbiqi, investorların cəlb olunması və ixrac potensialının artırılması istiqamətində hansı yeniliklər nəzərdə tutulur?

– Cənab Prezident qeyd etmişdir ki, biz müasir elmin nailiyyətlərindən, qabaqcıl təcrübədən və müasir texnologiyaların tətbiqindən geniş istifadə etməli, iri təsərrüfatların yaradılmasına, ailə təsərrüfatlarının inkişafına, investorların Azərbaycana cəlb olunmasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetirməliyik. Bu istiqamətdə mühüm işlərin görülməsi həm bu günümüz, həm də gələcəyimiz üçün son dərəcə vacibdir. Bu, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, insanların sosial rifahının yüksəldilməsi, kəndlərin və regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda ölkə rəhbəri yeni dövlət proqramının da məhz bu istiqamətlərə xidmət etdiyini bildirmişdir. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin məhsullarının istehsalı və emalının inkişafına dair 2026–2030-cu illəri əhatə edən dövlət proqramı təsdiq olunmuşdur. Bu proqram çərçivəsində 6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Eyni zamanda subsidiya mexanizmlərinin və güzəştli kreditlərin artırılması, vəsaitlərin səmərəli və məqsədyönlü şəkildə xərclənməsi istiqamətində mexanizmlər müəyyənləşdirilir. 

Proqram mərhələli şəkildə həyata keçiriləcək və əsas hədəf 2030-cu ilə qədər ölkənin özünü ərzaqlıq buğda, heyvandarlıq məhsulları və digər kənd təsərrüfatı məhsulları ilə təmin etməsidir. Bununla yanaşı, ölkədə taxılçılıq, pambıqçılıq və digər sahələrin inkişafı üçün ciddi potensial mövcuddur. Lakin torpaq, su və digər təbii resurslardan kifayət qədər səmərəli istifadə olunmadığı üçün hələ də yüksək hədəflərə tam şəkildə nail olunmur. Görülən tədbirlər isə bu hədəflərə çatmağa imkan verəcək və bu prosesdə yalnız bir nazirliyin deyil, hər bir insanın, sahibkarın və müvafiq qurumların üzərinə mühüm vəzifələr düşür.

— 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramının əsas hədəfləri nədən ibarətdir?

– Bu proqram mərhələli şəkildə həyata keçiriləcək və əsas məqsədi 2030-cu ilə qədər ölkənin özünü ərzaqlıq buğda, heyvandarlıq məhsulları və digər kənd təsərrüfatı məhsulları ilə təmin etməsidir. Bu, olduqca vacib bir proqramdır. Ölkədə taxılçılığın, pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş potensial mövcuddur. Lakin torpaqlardan, sudan və digər təbii resurslardan kifayət qədər səmərəli istifadə edilməməsi səbəbindən hələ də yüksək hədəflərə tam nail olunmur. Bununla belə, görülən tədbirlərin bu hədəflərə çatmağa imkan verəcəyi düşünülür və bu istiqamətdə təkcə bir nazirliyin deyil, hər bir vətəndaşın, sahibkarın və müvafiq qurumların üzərinə mühüm vəzifələr düşür.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər