"Vatikan süni intellekti nəzarətsiz güc mərkəzlərinin əlindən çıxarmağa çağırır, ABŞ ilə ideoloji gərginlik artır..."
Roma Papası Papa Lev XIV tərəfindən təqdim olunan "Magnifica Humanitas" ensiklikası süni intellekti insanlıq üçün ciddi risk kimi dəyərləndirir.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Vatikanın manifesti və süni intellektə yanaşma
Sənəddə süni intellektin nəzarətsiz inkişafı "ekzistensial təhlükə" adlandırılır və onun insan qərarverməsini əvəz etməsi kəskin şəkildə tənqid olunur. Papa xüsusilə "süni intellektin silahsızlaşdırılması" çağırışı edərək bildirir ki, texnologiya müharibə və geosiyasi üstünlük vasitəsinə çevrilməməlidir. Onun fikrincə, ölümcül qərarların alqoritmlərə verilməsi qətiyyən qəbul edilə bilməz.
"Bigtech", rəqəmsal güc və qlobal nəzarət
Ensiklikada ("Ensiklika" - Roma Papasının Katolik Kilsəsinə, din xadimlərinə və bəzən bütün dünyaya ünvanladığı rəsmi proqram xarakterli müraciət və ya məktubdur - red.) iri texnologiya şirkətləri sərt tənqid olunur. Papa bildirir ki, informasiya axını və rəqəmsal güc az sayda korporasiyanın əlində cəmlənərək "rəqəmsal feodalizm" yaradır.
Bu vəziyyətin xüsusilə uşaqlar və həssas sosial qruplar üçün təhlükəli olduğu vurğulanır. Papa həmçinin "mənəvi süni intellekt" ideyasının real ola bilməsi üçün etik çərçivənin bir neçə milyarder tərəfindən deyil, qlobal ictimai qaydalarla müəyyən edilməli olduğunu deyir.
ABŞ ilə qarşıdurma və qlobal çağırış
Papa Lev XIV-in mövqeyi ABŞ siyasəti ilə açıq ziddiyyət təşkil edir. Prezident Donald Tramp administrasiyasının süni intellekt və hərbi texnologiyaların sürətli inkişafına üstünlük verməsi
Vatikan tərəfindən riskli xətt kimi qiymətləndirilir.
Papa vurğulayır ki, "heç bir alqoritm müharibəni mənəvi cəhətdən qəbul edilən edə bilməz" və süni intellekt əsaslı silah sistemləri məhdudlaşdırılmalıdır. Ensiklikanın yekun mesajı isə daha ümumidir: texnologiya yarışı dayanmalı, insanlıq gələcəyi prioritet olmalıdır.