Dünya
208
21:50, Bu gün

"Afrikanın "Böyük yaşıl divar" layihəsi: səhralaşmaya qarşı nəhəng mübarizə" - KİV-lər

"11 Afrika ölkəsi minlərlə kilometrlik yaşıllıq zolağı ilə həm torpaq deqradasiyasını dayandırmağa, həm də milyonlarla insanı miqrasiya təhlükəsindən qorumağa çalışır..."

Afrika ölkələri dünyanın ən böyük ekoloji təşəbbüslərindən biri hesab olunan "Böyük yaşıl divar" layihəsini həyata keçirməyə davam edir.

Moderator.az xəbər verir ki, bu barədə "ixtb.com" nəşri yazıb.

Məqsəd nədir?

Layihənin əsas məqsədi Saxara səhrasının cənubundakı Sahel bölgəsində səhralaşmanın qarşısını almaq, məhv olmuş ekosistemləri bərpa etmək və kənd təsərrüfatından asılı milyonlarla insanı qorumaqdır.

Layihə çərçivəsində Afrikanın şərqindəki Cibutidən qərbdəki Seneqala qədər uzanan, təxminən 8 min kilometrlik nəhəng yaşıllıq zolağının yaradılması planlaşdırılır. Orta eni 17 kilometr nəzərdə tutulan bu "yaşıl divar"ın ümumi sahəsi təxminən 136 min kvadrat kilometr olacaq.

Əsl problem Saxara deyil

Uzun illər Saxara səhrasının sürətlə genişləndiyi düşünülürdü. Lakin son araşdırmalar göstərir ki, əsas təhlükə səhranın özü deyil, Sahel bölgəsində sürətlənən səhralaşmadır. Mütəxəssislərin fikrincə, meşələrin qırılması, torpaqlardan düzgün istifadə edilməməsi, intensiv əkinçilik və həddindən artıq otarılma nəticəsində münbit sahələr sürətlə yararsız vəziyyətə düşür.

Əhali artdıqca kənd təsərrüfatı üçün yeni torpaqlara ehtiyac artır və nəticədə təbii ekosistemlər məhv olur. BMT-nin məlumatına görə, Sahel iqlim dəyişikliklərinə ən həssas bölgələrdən biridir. Son yüz ildə burada temperatur orta qlobal göstəricidən təxminən 1,5 dərəcə daha çox yüksəlib.

Layihənin hədəfləri böyükdür

"Böyük yaşıl divar" təşəbbüsü yalnız ağac əkməkdən ibarət deyil. Layihə torpaqların bərpasını, kənd təsərrüfatının modernləşdirilməsini və yerli icmaların dəstəklənməsini də əhatə edir. Plana görə, 2030-cu ilə qədər 100 milyon hektar torpaq bərpa edilməli, 250 milyon ton karbon qazı udulmalı və 10 milyona qədər "yaşıl" iş yeri yaradılmalıdır.

Layihə niyə ləng gedir?

Layihəyə təxminən 19 il əvvəl start verilsə də, proses gözlənildiyindən xeyli yavaş irəliləyir. Müxtəlif qiymətləndirmələrə görə, işlərin yalnız 4-18 faizi tamamlanıb. Problemlər sırasında siyasi qeyri-sabitlik, hərbi çevrilişlər, korrupsiya, zəif infrastruktur və maliyyə nəzarətindəki çatışmazlıqlar göstərilir. 

Ümumi büdcənin təxminən 31 milyard dollar olduğu qiymətləndirilir. Bəzi ölkələrdə müəyyən nəticələr əldə olunsa da, bir sıra Afrika dövlətlərində işlər ya çox zəif gedir, ya da ümumiyyətlə başlamayıb.

Miqrasiya təhlükəsi artır

Ekspertlər xəbərdarlıq edir ki, səhralaşma davam edərsə, gələcəkdə böyük humanitar və miqrasiya böhranı yarana bilər.

BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər təxminən 250 milyon insan yararlı torpaqların itirilməsi səbəbindən yaşadığı əraziləri tərk etməyə məcbur qala bilər.

Mütəxəssislər hesab edir ki, layihənin uğuru təkcə ağac əkməkdən deyil, həm də milyonlarla insanın torpaqdan istifadə vərdişlərinin dəyişdirilməsindən asılı olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər