Halal sertifikatı adı altında harama əl atılır? — Azad İstehlakçılar Birliyinin sədrindən sensasion açıqlama
Ekskluziv
325
18:21, Bu gün

Halal sertifikatı adı altında harama əl atılır? — Azad İstehlakçılar Birliyinin sədrindən sensasion açıqlama

"Bu gün ərzində mənə üç telefon zəngi daxil olub. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin Standart İnstitutu “halal sertifikat” verməklə bağlı öz rəsmi saytında bir video rolik paylaşıb. Həmin rolikdə “halal sertifikat” və İslam Əməkdaşlıq Təşkilatına istinad olunsa da, videoda nümayiş etdirilən görüntüdə donuz cəmdəyi göstərilir. 

Bu isə istehlakçıların ciddi marağına və narahatlığına səbəb olub, məndən də bununla fikirlərimi soruşdular. Mən diqqətlə baxdım və həqiqətən də donuz cəmdəyinin açıq şəkildə göründüyünü müşahidə etdim. Bu məni də çox təəccübləndirdi. Neçə illərdir ki, “halal sertifikat” məsələsində ciddi problemlər və aldatmalar müşahidə olunur. Uzun illər bu sahədə maddi maraqlar naminə sertifikatların verildiyi, nəticədə isə əhalinin aldadıldığı halları olub".

Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, baxmayaraq ki, Azərbaycanda iki dəfə — o vaxtkı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, indiki Standartlaşdırma İnstitutu tərəfindən “halal sertifikatlaşdırma” ilə bağlı standartlar qəbul olunub, bu sahədə verdiyim bir çox təkliflər isə qəbul edilməyib:

"Məsələn, mən təklif etmişdim ki, “halal sertifikat” yalnız bank krediti olmayan müəssisələrə verilsin. İkinci olaraq, müəssisələrdə müəyyən məsafədən izləmə prinsipləri tətbiq olunsun ki, istənilən inanclı şəxs həmin müəssisəni izləyə və prosesləri görə bilsin. Üçüncü təklifim isə bəzi heyvan qrupları, o cümlədən onurğasızlar, cücülər və digər növlərlə bağlı daha aydın və dəqiq “halal” meyarlarının müəyyən olunması idi. Bu kimi təkliflərimi təqdim etmişdim.

Çox təəssüf ki, Standartlaşdırma İnstitutu tərəfindən çox yüngül bir “halal standart” qəbul olunub. Hesab edirəm ki, “halal sertifikat” verən orqanlar mütləq beynəlxalq qurumlarda akkreditasiyadan keçməklə yanaşı, Azərbaycan Akkreditasiya Mərkəzində də akkreditə olunmalıdır. Məndə olan məlumata görə, bir çox “halal sertifikat” verən qurumlar Azərbaycanda akkreditasiya mərkəzində qeydiyyatdan keçməyib və bu da onların hüquqi əsasının zəif olduğunu göstərir".

Eyyub Hüseynov vurğulayıb ki, bu isə faktiki olaraq insanların aldadılması deməkdir:

"Səkkiz il öncə Azad İstehlakçılar Birliyi bu məsələni gündəmə gətirdi və kollegial şəkildə, eləcə də tam pulsuz “halal sertifikat” verilməsinə nail olduq. Burada kütləvi informasiya vasitələri, Müsəlmanlar İdarəsinin nümayəndələri və Azad İstehlakçılar Birliyi iştirak edirdi və “halal sertifikat”ın tam təmənnasız verilməsi təmin olundu. Lakin sonradan bu təşəbbüs dayandırıldı. Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu istiqamətdə təşəbbüsü öz üzərinə götürmək cəhdləri də oldu. Düşünürəm ki, bu sahədə ciddi dönüşə ehtiyac var. “Halal sertifikat”la məhsul buraxan müəssisələr yenidən audit olunmalı, bütün halal standart tələbləri bu müəssisələrdə yenidən yoxlanılmalı və tam şəkildə tətbiq edilməlidir.

Bir daha təklif edirəm ki, bu proses tamamilə pulsuz olmalıdır. Bu işdə bacaran insanların tam təmənnasız şəkildə iştirak etməsi məqsədəuyğundur. Şəxsən mən də vaxtımı ayıraraq bu prosesdə tam könüllü və təmənnasız şəkildə iştirak etməyə hazır olduğumu bildirirəm və bu cür mütəxəssislər də mövcuddur.
İstehlakçılardan daxil olan zənglər isə videoda donuz cəmdəyinin göstərilməsi ilə bağlıdır. Bildirilir ki, “halal sertifikat”dan söhbət gedən bir yerdə donuz cəmdəyinin nümayiş olunması ciddi suallar doğurur. Düşünürəm ki, bu məsələyə mütləq son qoyulmalıdır".

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər