“Rusiyanın tam dağılması ehtimalını hələlik real hesab etmirəm...”-KONFLİKTOLOQ
Ekskluziv
758
10:10, Bu gün

“Rusiyanın tam dağılması ehtimalını hələlik real hesab etmirəm...”-KONFLİKTOLOQ

“Ümumilikdə, son 9 May paradı məhdud güc nümayişi olsa da, o eyni zamanda Rusiyanın özünü uzun və ağır geo-siyasi mübarizəyə hazırladığını göstərir...”
 
“Bir zamanlar Rusiyadan asılı olan dövlətlər öz aralarında tarixi bir həmrəylik yarada bilmədikləri üçün Rusiya təhlükəsi hələ də onların hər biri üçün ciddi olaraq qalır...”
 
“Rusiya hərbi baxımdan tam çökməyəcək qədər böyük resurslara malikdir. Enerji ehtiyatları, nüvə gücü və müəyyən sənaye potensialı ona həm dözümlülük, həm də davamlılıq verir.
 
“Rusiya liderləri Ukraynaya hücum etməklə böyük bir səhvə imza atdıqlarını yaxşı bilirlər, lakin bunu etiraf etmələri siyasi cəhətdən əsla mümkün deyil...”
 
“Moskvada keçirilən son 9 May paradı hərbi nümayişdən daha çox siyasi mesaj xarakteri daşıyırdı. Bir qədər aydın oldu ki, Kreml Ukrayna müharibəsini artıq qısamüddətli əməliyyat kimi deyil, uzunmüddətli geo-siyasi qarşıdurma kimi təqdim edir. Rusiya rəhbərliyi bu savaşı Qərblə daha geniş qarşıdurmanın bir hissəsi kimi göstərməyə çalışır və daxili legitimliyi də əsasən bu narrativ üzərində qurur. Lakin paradın təmtəraqlı görüntülərinə baxmayaraq, savaşın nəticələri və Rusiyanın gələcəyi ilə bağlı vəziyyət xeyli mürəkkəb və qeyri-müəyyəndir.”
 
Amerikada yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Əli Əskərli bu fikirləri Moderator.az-a açıqlamasında “Moskvadakı son 9 may paradından sonra yaranmış situasiyada Rusiya-Ukrayna savaşının gözlənilən nəticələrini və  Rusiyanın öz gələcəyini necə görürsüz?” sualını cavablandırarkən  ifadə edib.
 
“Rusiya liderləri Ukraynaya hücum etməklə böyük bir səhvə imza atdıqlarını yaxşı bilirlər, lakin bunu etiraf etmələri siyasi cəhətdən əsla mümkün deyil. Hazırda onlar vəziyyətdən çıxış yolları axtarırlar, amma bunun üçün lazım olan şərtlər hələ tam formalaşmayıb. Kreml bildirib ki, Putin danışıqlar deyil, müəyyən razılaşma çərçivəsində Zelenski ilə görüşə bilər. Zelenski də buna müəyyən qədər müsbət, bir qədər də qeyri-müəyyən münasibət göstərib. Bununla belə, belə bir görüşün yaxın zamanda ciddi və müsbət nəticə verəcəyinə inanmaq çətindir”,- deyə davamında konfliktoloq bildirib.
 
Tədqiqatçı alim hesab edir ki, yaxın perspektivdə müharibənin tam hərbi qələbə ilə nəticələnməsi ehtimalı olduqca zəifdir: 
 
“Nə Rusiya bütün Ukraynanı nəzarətə götürə bilir, nə də Ukrayna yaxın zamanda bütün işğal olunmuş əraziləri geri qaytara bilir. Daha real görünən variant uzunmüddətli aşınma müharibəsi və nəticədə müəyyən formada dondurulmuş konfliktin yaranmasıdır. Tarix göstərir ki, bu tip müharibələr tərəfləri iqtisadi, sosial və psixoloji baxımdan zəiflədir. Artıq həm Rusiyada, həm də Ukraynada ciddi insan itkisi, iqtisadi yük və demoqrafik problemlər hiss olunur. Rusiya müharibənin bu şəkildə davam etməsinin ağır yükünü hiss edir, Ukrayna isə Qərbdən asılılığını tam şəkildə aradan qaldıra bilmir...”
 
 
“Rusiya hərbi baxımdan tam çökməyəcək qədər böyük resurslara malikdir. Enerji ehtiyatları, nüvə gücü və müəyyən sənaye potensialı ona həm dözümlülük, həm də davamlılıq verir. Eyni zamanda Çin, İran və bəzi digər ölkələrlə münasibətlər Kremlin tam təcrid olunmasının qarşısını alır. Ancaq uzunmüddətli perspektivdə əsas problem iqtisadi və texnoloji geriləmə ola bilər. Qərb sanksiyaları Rusiyanı tam çökdürməsə də, onun texnologiya, investisiya və insan kapitalına çıxışını məhdudlaşdırır. Xüsusilə gənc və savadlı insanların ölməsi və ya ölkəni tərk etməsi gələcək inkişaf üçün ciddi təhlükədir.
 
Bəlkə də ən vacib məsələ Rusiyanın daxili siyasi gələcəyi ilə bağlıdır. Hazırda Rusiyada hakimiyyət sərt mərkəzləşmə və təhlükəsizlik strukturlarına söykənir. Müharibə bu modeli daha da gücləndirib. Lakin tarix göstərir ki, uzun sürən müharibələr cəmiyyət daxilində yorğunluq və narazılıq yarada bilər. Hələlik Rusiyada genişmiqyaslı etiraz görünmür, amma iqtisadi çətinliklər və insan itkiləri artdıqca daxili gərginlik ehtimalı yüksələ bilər. Bu, Rusiyanın sonunu da gətirə bilər”, - deyə Əli Əskərli diqqətə çatdırıb.
 
Konfliktoloqun fikrincə, Rusiyanın siyasi və iqtisadi baxımdan gələcək taleyi həm də İran böhranının necə nəticələnəcəyindən asılıdır.
 
“Bununla yanaşı, Rusiyanın tam dağılması və ya yaxın zamanda böyük demokratik transformasiya keçirməsi ehtimalını hələlik real hesab etmirəm. Rusiya tarixən mərkəzləşmiş dövlət ənənəsinə malik olub və təhlükəsizlik düşüncəsi siyasi mədəniyyətdə mühüm yer tutur. Daha mümkün görünən ssenari uzunmüddətli avtoritar idarəetmənin davam etməsi, lakin iqtisadi və geo-siyasi baxımdan zəifləyən bir Rusiya modelidir. Burada İran böhranının nə qədər davam edəcəyi və necə nəticələnəcəyi də müəyyən rol oynayacaqdır”, - həmsöhbətimiz bildirib.
 
Siyasi şərhçini sözlərinə görə, Ukrayna üçün isə əsas nəticə ondan ibarətdir ki, artıq əvvəlki kimi neytral tampon zona olmaq perspektivi böyük ölçüdə itib: 
 
“Ukrayna cəmiyyəti müharibədən sonra daha güclü milli kimlik və Qərbə inteqrasiya istiqamətində formalaşacaqdır. Bu isə regionda Rusiya-Qərb qarşıdurmasının uzun illər davam edə biləcəyini göstərir...”
 
“Ümumilikdə, son 9 May paradı məhdud güc nümayişi olsa da, o eyni zamanda Rusiyanın özünü uzun və ağır geo-siyasi mübarizəyə hazırladığını göstərdi. Zənnimcə, yaxın illərdə hər hansı bir tərəf üçün nə tam qələbə, nə də tam məğlubiyyət olacaq. Əsas nəticə uzunmüddətli qarşıdurma, zəifləyən iqtisadi potensial və dəyişən regional düzən olacaq. Bir zamanlar Rusiyadan asılı olan dövlətlər öz aralarında tarixi bir həmrəylik yarada bilmədikləri üçün Rusiya təhlükəsi hələ də onların hər biri üçün ciddi olaraq qalır. Bu təhlükənin nə qədər davam edəcəyi isə formalaşmaqda olan yeni düzənin necə yaranacağından ciddi dərəcədə asılıdır”,- deyə konfliktoloq vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər