Ekskluziv
170
13:40, Bu gün

"Vətən müharibəsindən sonra Azərbaycanda kriminogen vəziyyət daha da sabitləşib" – Deputat

"İnsan alveri bu gün artıq təkcə hüquq-mühafizə sahəsini narahat edən cinayət növü deyil. Müasir dövrdə bu problem həm sosial-iqtisadi təhlükə, həm də informasiya təhlükəsizliyinə yönəlmiş ciddi təhdid kimi xarakterizə olunur. Məhz buna görə də bu istiqamətdə aparılan mübarizə dövlətin təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Xüsusi vurğulanmalıdır ki, insan alveri ilə bağlı cinayətlərin 97 faizinin açılması olduqca yüksək və təqdirəlayiq göstəricidir".

Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü Plenar iclasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib.

Deputat vurğulayıb ki, cinayətlərin böyük əksəriyyətinin ifşa olunması hüquq-mühafizə orqanlarının peşəkar və sistemli fəaliyyətinin real nəticəsidir:

"Diqqətçəkən məqamlardan biri də odur ki, aşkar edilmiş cinayətlərin təxminən dörddə biri informasiya texnologiyalarından istifadə edilməklə törədilib. Lakin hüquq-mühafizə və daxili işlər orqanları da müasir texnoloji imkanlardan peşəkar şəkildə istifadə edərək həmin cinayətlərin açılmasına nail olublar. Bu isə göstərir ki, dövlət orqanları yeni çağırışlara uyğun fəaliyyət mexanizmləri formalaşdıraraq rəqəmsal cinayətkarlığa qarşı effektiv mübarizə aparırlar.

Eyni zamanda, 2025-ci ildən etibarən insan alveri ilə bağlı çıxarılan məhkəmə hökmlərinin böyük hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə nəticələnməsi dövlətin və hüquq sisteminin bu növ ağır cinayətlərə qarşı prinsipial və sərt mövqe nümayiş etdirdiyini açıq şəkildə ortaya qoyur.
Statistik göstəricilər də görülən tədbirlərin effektivliyini təsdiqləyir. Belə ki, 2025-ci ildə son yeddi illə müqayisədə insan alveri qurbanlarının sayı təxminən iki dəfəyə yaxın azalıb. Bu nəticə insan alverinə və ümumilikdə cinayətkarlığa qarşı həyata keçirilən mübarizənin məqsədyönlü və səmərəli şəkildə təşkil olunduğunu bariz şəkildə nümayiş etdirir".

Millət vəkili bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi Azərbaycanda ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə səbəb olub:

"Bu amil eyni zamanda ölkədə sağlam kriminogen vəziyyətin formalaşmasına və sabitliyin qorunmasına mühüm töhfə verib.
Cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması, ictimai təhlükəsizliyin təmin olunması Daxili İşlər Nazirliyi və polis orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Aparılan təhlillər və əldə olunan nəticələr göstərir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlirlər.

İnsan alverinə qarşı mübarizə də məhz bu fəaliyyətin ən mühüm istiqamətlərindən biridir. Daxili İşlər Nazirliyinin digər dövlət qurumları ilə koordinasiyalı və səmərəli əməkdaşlığı, eyni zamanda Azərbaycan cəmiyyətində mövcud olan sağlam milli-mənəvi dəyərlər bu sahədə müsbət nəticələrin əldə olunmasına ciddi təsir göstərir.
Bu gün Azərbaycanda insan alveri kimi ağır və təhlükəli cinayət növünün geniş yayılmasının qarşısı qətiyyətlə alınır, eyni zamanda bu istiqamətdə yeni və daha effektiv mexanizmlər formalaşdırılır. Şübhəsiz ki, 2026–2030-cu illəri əhatə edəcək yeni fəaliyyət planı da bu sahədə mübarizənin daha da gücləndirilməsinə və institusional mexanizmlərin təkmilləşdirilməsinə xidmət edəcək".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər