Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Çox sağ olun hörmətli sədr, həmkarlar, media nümayəndələri. Hörmətli sədr, öncə sizi uğurlu səfər münasibətilə təbrik edirəm. Azərbaycan Parlamentinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və onların fəaliyyətində yaxından iştirakı dövlətimizin marağının qorunması baxımından son dərəcə əhəmiyyətlidir.
Yaşıllıqlarla bağlı onu qeyd etmək istəyirəm ki, mənə Xətai rayonundan seçicilər tərəfindən çoxsaylı müraciətlər olunur. Özüm hətta onlarla görüşlərdə onların bir çox şikayətləri ilə rastlaşmışam ki, Bakı şəhərində binaların həyətindəki ağacların suvarılmasında çox ciddi problemlər var. Yəni su pulunun kim tərəfindən ödənilməsi ilə bağlı. O cümlədən ağacların bir çox hallarda budanmaması, yaxud qurumuş ağacların kəsilməsi ciddi problemlərlə üzləşib.
Allah ruhunu şad edləsin, mərhum prezident Heydər Əliyevin yaşıllığa verdiyi xüsusi qiymətdən çox təəssüf ki, bəzi hallarda hətta sui-istifadə edilir və bizim qanunvericilikdə də yaşıllığın götürülməsi xeyli dərəcədə çətinləşdirilib”.
Millət vəkili əlavə edib: “Nazirlər Kabinetinin bu barədə 30 avqust 2016-cı il tarixli qərarı var — “Yaşıllıqların götürülməsi qaydaları” haqqında. Həmin qərarda da qeyd olunur ki, vətəndaş, fiziki yaxud hüquqi şəxs bununla bağlı öncə mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir, yaxud yerli icra hakimiyyəti orqanına və ya bələdiyyələrə. Onlar baxıb araşdırmalıdırlar və məqsədəuyğun saysalar həmin ərizəni göndərməlidirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Nazirlik müvafiq rəy verməlidir və bundan sonra onlar yenidən müvafiq qərar qəbul etməlidirlər.
Qeyd edim ki, bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir ki, vətəndaşlar süründürməçiliklə üzləşməsinlər. Biz görürük ki, bir çox hallarda ən yaxşı şüarlar altında çox pis işlər görülür və o prosedurun çətinliyi bir çox hallarda vətəndaşları qanunsuz yollara əl atmağa məcbur edir. Ona görə də bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir.
Mən ümumiyyətlə layihəni təqdim edən həmkarlarıma öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, dəyişdirilən normalar, xüsusilə də bu 13.6-2-ci maddə bizim “Normativ hüquqi aktlar haqqında” qanunvericilik texnikasına əməl olunması baxımından Konstitusiya qanununun tələblərinə cavab vermir. Burada qeyd olunur ki, misal üçün deyirəm, “təhrif olunmuş məlumatların verilməsi qadağandır”. Halbuki, qeyd olunmalıdır ki, “təhrif olunmuş məlumatların verilməsi hüquqi məsuliyyət yaradır”. Yaxud qeyd olunur, həmin nəticədə ərizəçiyə irad bildirilir ki, onların kəsilməsini həyata keçirilməsinə irad bildirilir. Hörmətli sədr, auditoriyada bizim dilçi alimlərimiz də var. İrad bir məzəmmət formasıdır. Konstitusiyaya görə vətəndaşlar məhkəməyə dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yaxud siyasi partiyaların qərarları ilə bağlı müraciət olunur. ilə bağlı konkret hüquqi nəticə olsun. Burada biz dəqiq müəyyənləşdirmişik ki, hansı sənədlər təqdim olunmalıdır. Həmin sənədlər əsasında ya iddianın, müraciətin təmin olunmasına dair, yaxud ondan imtina olunması barədə qərar qəbul olunur. Amma irad bildiriləndə vətəndaş bundan məhkəməyə müraciət edə bilməz axı. İrad nədir? İrad birinin səhvini, nöqsanını ona çatdırmaq yaxud onun davranışına etiraz etmək formasıdır.
O baxımdan bu normaya da diqqət yetirmək lazımdır və mən hesab edirəm ki, biz sahibkarlara həqiqətən kömək etmək istəyiriksə ki, bu süründürməçilik halları aradan qaldırılsın, bu proses qanunvericilikdə 10 gün müddətində həllini tapmalıdır. Amma biz bilirik ki, hörmətli Sadiq müəllim dedi, 500 müraciət var. Yəni 500 müraciətə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 gün ərzində cavab verməlidir. Reallıqda isə bu qeyri-mümkündür və biz bilirik ki, bu uzun müddət davam edir və sahibkarlar, vətəndaşlar bundan əziyyət çəkirlər.
Bu məsələlərə öz münasibətimi bildirmək istədim. Hesab edirəm ki, ikinci oxunuşda mənim səsləndirdiyim məsələlərə də diqqət yetirilər və Nazirlər Kabineti də özünün müvafiq qərarına ciddi düzəlişlər edər.
Sonda onu qeyd etmək istəyirəm ki, bəli, Bakı şəhərində yaşıllıqlara çox böyük ehtiyac var. Gözəl parklar salınıb, amma meşə zolaqları yaradılmalıdır, yeni parklar yaradılmalıdır. Amma bəzən bir ağaca görə insanları həddindən artıq incidirlər və bu da çox təəssüf hissi yaradır”.