Tanınmış aktyorun məzar yerini başqasına satdılar: “Dedi ki, sən ölməyində ol, yer taparıq”-ÖZƏL
Ekskluziv
267
19:20, Bu gün

Tanınmış aktyorun məzar yerini başqasına satdılar: “Dedi ki, sən ölməyində ol, yer taparıq”-ÖZƏL

“İstəmədim ki, ailəm, övladlarım məndən sonra əziyyət çəksinlər. Ona görə də Bakıdakı qəbirstanlıqlardan birindən gedib özüm üçün yer götürdüm. Məbləğ də ödədim. Bir müddət mən ora baxdım, ətrafına yolka ağacları əkdim. Oranı gözəlləşdirmişdim. Bilirsiniz ki, müsəlman sağlığında özü üçün yer, kəfən pulunu hazır qoymalıdır. Bir müddət keçəndən sonra həmin əraziyə getdim. Gördüm ki, mənim aldığım yerdə kimisə dəfn ediblər. Bu da elə bir haldır ki, orada sənəd verilmir. Getdim bələdiyyə sədrinin yanına. Məlum vəziyyəti dedim. Onlar da dedilər ki, sənəd yox, bir şey yox, görüblər ki, boş yerdir gətirib dəfn ediblər. Kənd yeri idi. Sədr dedi ki, sən ölməyində ol, səni basdırmağa yer taparıq”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.

O daha sonra aktyorlar üçün xüsusi qəbirstanlıq yaradılmasını ideyasını dəstəkləyib:

“Əslində bu mövzu mənim yaralı yerimdir. Bugünlərdə də televiziyalardan birinə sırf bununla bağlı müsahibə vermişdim. Xatırlayırsınızsa Afaq Bəşirqızı teatr forumunda aktyorlar üçün xüsusi qəbirstanlığın yaradılmasını təklif etmişdi. Çox istərdim ki, bu mövzunu yenidən gündəmə gətirib, Milli Məclisdə müzakirəyə çıxarsınlar. Axı hər aktyor Fəxri Xiyabanda dəfn olunmur. O aktyorun da sevənləri var. Əksəriyyəti ailə qəbirstanlığında basdırılır. Bu elə bir mövzudur ki, hamı müsbət qarşılayar. Tamaşaçıların da ürəyincə olar. Həm də nəzərə alsaq ki, aktyorlar kasıb təbəqədir. Hər aktyorun da ailəsi imkanlı deyil. Ya qəbir üçün, ya da yas mərasimi üçün müəyyən xərclər lazım olur. Heç olmasa həmin aktyor dövlət tərəfindən müəyyən olunmuş qəbirstanlıqda dəfn olunar, ailə digər xərcləri qarşılayar. Nə qədər aktyorlarımız olub ki, məzar daşları 2-3 il sonra qoyulub. Ailələri kredit götürüb, məzar daşı sifariş ediblər. Bu çox gözəl addım olar” deyə sənətkar bildirib.

Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı “Xəbərin olsun” verilişinə açıqlamasında aktyorlar üçün xüsusi qəbirstanlıqların yaradılmasını təklif edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər