Günlərdir yağan aramsız yağışlar Xızının Sayadlar kəndində yerləşən Mikayıl Müşfiqin xatirə muzeyinə ciddi ziyan vurub.
Bu haqda bir neçə gün əvvəl Moderator.az olaraq sizə xəbər vermişdik. Şairin yaxın qohumu Vüsaqi İsmayılov saytımıza özəl açıqlamasında bildirib ki, Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov sözügedən mövzu ilə bağlı şairin ailə üzvləri ilə görüşüb:
“Fərid müəllim bizi qəbul etdi. Görüşdə bu mövzu haqda geniş müzakirələr apardıq. Bizə iki təklif verdilər. Təkliflərdən biri xatirə muzeyinin yerində bərpa etmək, digəri isə yeni ərazidə yeni bir muzey yaradılması idi. Qərar veriləndən sonra konkret olaraq bizə də bildirəcəklər ki, hansı istiqamətdə işlər aparılacaq” deyə o bildirib.
Şairin qohumu deyir ki, Tıx çayının hər dəfə daşıb, xatirə muzeyinə və ətraf ərazilərə ziyan vurmasını nəzərə alsalar ailə üzvləri də muzeyin başqa ərazidə yenidən qurulmasını istəyir:
“Əslində muzeyin yeri dəyişilsə yaxşı olar. Çünki yerində bərpa etsələr belə selin qabağını ala bilməyəcəklər. Orada nə tiksən sel gəlib yuyub aparacaq. Heç nə dəyişməyəcək. Münbit bir yer seçilsə çox yaxşı olar. Biz də öz tərəfimizdən bir-neçə yer təklif etdik. Yaxşı yerlərdir, göz önüdür. Nəzərdə tutduğumuz və təklif etdiyimiz yerlərdə seysmoloji tərəfdən də heç nə baş vermir, sel də gəlmir. Bizə qərarlarını deyəcəklər” deyə şairin qohumu Vüsaqi İsmayılzadə bildirib.