Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xalq artisti, tanınmış müğənni Zümrüd Məmmədovanın qızı İlahə Abdullayevaya (Qismət) vəzifə verib. Belə ki, sənətkarın övladı Bəstəkarlar İttifaqının katibi vəzifəsinə vəzifəsinə təyin olunub.
Bu haqda Zümrüd Məmmədova Moderator.az-a açıqlamasında deyib:
“Özümdən sonra incəsənət aləminə bəstəkar bir övlad bəxş etmişəm. İlahə bu günlərdə Sənətşünaslıq üzrə Fəlsəfə doktorluğunu müdafiə etdi. 1 həftədir ki, onu Bəstəkarlar İttifaqının katibi seçiblər. Gənc bir qız üçün bu çox böyük bir vəzifədir. İnanıram ki, o bu vəzifənin öhdəsindən istedadı ilə gələcək. Mən onun özünə də, savadına da inanıram və güvənirəm. Bu vəzifədən öncə o ittifaqda gənclər sektorunda, idarə heyətində üzv vəzifələrində çalışıb. Bu vəzifənin daşıdığı məsuliyyətin olduqca vacib olduğunu hesab edirəm. Vaxtilə bu mötəbər missiyanı Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Sərdar Fərəcov, Cəlal Abbasov kimi dahi sənətkarların həyata keçirməsi, onların milli musiqi xəzinəmizin inkişafına həsr etdikləri ömür yolu bu etimadın nə qədər yüksək və əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Buna görə dünya şöhrətli bəstəkar Firəngiz xanım Əlizadə başda olmaqla, Azərbaycan Bəstəkarlar İttifaqının bütün idarə heyətinə ailəmiz adından dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm. Həm özüm, həm də qızım ömrümüzün sonuna qədər vətənə xidmət edəcəyik” deyə sənətkar bildirib.
Qeyd edək ki, İlahə Abdullayeva (Qismət) tanınmış rejissor Elvin Abdullayevin həyat yoldaşıdır. Elvin isə mərhum sənətkar Fərman Şəkilinin oğludur. İlahə Abdullayeva (Qismət) həmçinin "Dədə Qorqud" və "Dəmir yumruq" baletlərinin müəllifidir.