Rusiyanın  Azərbaycanda AES tikməsinə razılıq versək?..- Heydər Oğuzdan təhlil  
Ekskluziv
398
11:31, Bu gün

Rusiyanın  Azərbaycanda AES tikməsinə razılıq versək?..- Heydər Oğuzdan təhlil  

“Sirr deyil ki, son zamanlar Azərbaycan Ermənistana tez-tez çoxsaylı vaqonlarla dizel, benzin yanacağı göndərir. Yəqin ki, yaxın zamanlarda İrəvanı mavi qazla da təchiz edəcəyik. Rəsmi Bakının bütün bu səyləri nankor qonşumuzu rus caynağından qurtarmaqdır. Məntiqlə, nankor qonşumuza bu yaxşılığı etdiyimiz halda özümüz gedib rus boyunduruğuna girməməliyik və mənim fikrimcə, girmək barədə də düşünmürük...”
 
“Vensin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Xartiya”da bir məqam diqqətimi cəlb etmişdi. Sənədin 1-ci Bölməsinin 4-cü Bəndində deyilirdi: “4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər
 
“Bütün bunlar Azərbaycanın öz nüvə texnologiyasını Rusiya ilə deyil, ABŞ-la birgə əməkdaşlıq əsasında quracağını göstərir. Yəni Rusiyanın gələcəkdə də Azərbaycanı nüvə təhlükəsi ilə təhdid edib onun suverenliyini məhdudlaşdırmaq ehtimalı yoxdur”.
 
Xəbər verildiyi kimi, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin nüvə enerjisindən istifadə etmək niyyətində olduğunu açıqlayib. Bu barədə o, Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib. Hələ 2019-cu ildən də bəllidir ki, Rusiyanın ölkəmizdə Atom Elektrik Stansiyası(AES) tikmək niyyəti var.  Görəsən, Türkiyə kimi biz də Moskvanın deyilən təklifinə “hə” deyəriksə, bu, gələcək ekoloji təhlükələri və texnoloji asılılığı bir yana qoyuruq, geo-siyasi, geo-iqtisadi, həm də təhlükəsizlik baxımından Azərbaycan dövlətinin maraqlarına uyğun olarmı? Kreml bunu da Azərbaycana qarşı daimi bir təsir, yeri gələndə təzyiq vasitəsinə çevirməz ki?.. 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycan enerji potensialının diversikasiyasında maraqlı ölkələrdəndir və rəsmi Bakı bunu heç gizlətmir də: 
 
“Bununla belə, Rusiyanın ölkəmizdə AES-ı tikməsinə rəsmi Bakının isti baxdığını söyləmək də çətindir. Bilirsiniz ki, 2024-cü ilin son günlərində “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verən prezident İlham Əliyev ölkəmizdə AES tikilməsi ilə bağlı suala da aydınlıq gətirmişdi. Azərbaycanın kifayət qədər enerji mənbələri olduğunu söyləyən ölkə başçısı həmsöhbətinə dolayısıyla “yox” cavabı vermişdi. Buna baxmayaraq, o, müsahibəsində kiçik həcmli reaktorlarla maraqlandığımızı da etiraf etmişdi. Bildirmişdi ki, hökumət nümayəndələrinə bu məsələni araşdırmaq barədə göstərib, əgər kiçik həcmli reaktorlar çox bahalı olmasa, rentabelliliyini nəzərə alıb bu imkanları nəzərdən keçirə bilərik... 
 
Açığı, o vaxt mən də, yəqin ki, mənim kimi bir çox müşahidəçilər də Prezidentin nəyə eyham vurduğunu anlamamışdıq. Amma üzərindən təxminən 1 il keçdikdən sonra Cənubi Qafqaza səfər edən ABŞ-ın vitse-prezidenti D.J.Vensin həm Ermənistanda, həm də Azərbaycanda imzaladığı bir sıra sənədlər Prezidentin kiçik reaktorlar deyərkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirdi. Bilirsiniz ki, bu ilin 9 fevral tarixində İrəvanda səfərdə olan Vens Ermənistan Baş naziri Nikol Paşinyanla imzaladığı "123-cü Saziş" adlı sənəddə bu ölkədə modul reaktorlar qurulması üçün 9 milyard dollarlıq investisiya qoymağı planlaşdırıldığı qeyd olunurdu. Sazişə əsasən, bu proqram 2 mərhələdə həyata keçiriləcək. İlk mərhələdə modul reaktorların qurulması üçün 5 milyard dollarlıq investisiya qoyulacaq. İkinci mərhələdə isə onların çalışması üçün 4 milyard dollar xərclənəcək. Ekspertlərin iddialarına görə, bu modul tipli reaktorların qurulması Ermənistanı tamamilə Rusiyanın təsir dairəsindən çıxarmağa xidmət edir. Bunun üçün isə qonşu dövlətin ilk mərhələdə alternativ enerji mənbələri ilə təchiz etmək zərurəti yaranır. Sirr deyil ki, son zamanlar Azərbaycan Ermənistana tez-tez çoxsaylı vaqonlarla dizel, benzin yanacağı göndərir. Yəqin ki, yaxın zamanlarda İrəvanı mavi qazla da təchiz edəcəyik. Rəsmi Bakının bütün bu səyləri nankor qonşumuzu rus caynağından qurtarmaqdır. Məntiqlə, nankor qonşumuza bu yaxşılığı etdiyimiz halda özümüz gedib rus boyunduruğuna girməməliyik və mənim fikrimcə, girmək barədə də düşünmürük. Azərbaycan bəzi siyasətləri haray-qışqırıq salmadan həyata keçirir və bu məsələdə haqlıdır da. Çünki ermənilər ona görə haray-qışqırıq salırlar ki, çətin anda Qərb himayədarları onun imdadına yetişsin. Azərbaycan isə özünə yeni “himayədar” və ya “böyük qardaş” axtarmadığı üçün buna ehtiyac hiss etmir.
 
Mənə elə gəlir ki, bir çox siyasətlərdə olduğu kimi, ölkəmizdə eynilə Ermənistanda olduğu kimi, ABŞ sərmayəsi ilə modul reaktorlar qurmaq planını da təmkinlə və səssiz həyata keçiririk. Vensin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Xartiya”da bir məqam diqqətimi cəlb etmişdi. Sənədin 1-ci Bölməsinin 4-cü Bəndində deyilirdi: “4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər”. Sizcə, burada söhbət hansı “mülki nüvə əməkdaşlığından” gedir? Sizə elə gəlmir ki, ABŞ Ermənistanda olduğu kimi, Azərbaycanda da kiçik modul reaktorlar qurmağı planlaşdırır?.. 
 
Nəzərə alsaq ki, ABŞ-ın istər Cənubi Qafqaz, istərsə də Orta Asiya siyasətində əsas ağırlıq mərkəzi Azərbaycanın üstünə düşəcək, onun ölkəmizdə də modul reaktorlar qurmağı planlaşdırmasında qeyri-adi heç nə yoxdur. Ən azı ona görə ki, Cənubi Qafqazın və Orta Asiyanın əsas DATA mərkəzlərindən birinin Azərbaycanda qurulması nəzərdə tutulur. Bunun üçün isə çox ciddi elektrik enerjisinə ehtiyac var. Üstəlik, ölkəmizin regional bağlantıların, enerji və nəqliyyat sektorlarının, eləcə də rəqəmsal infrastrukturun inkişafı mərkəzinə çevrilməsi planlaşdırılır. Bundan əlavə, Xəzər və Qara dənizin dibindən müxtəlif kabellərin keçirilməsi planı da var. Əsas kabel şəbəkəsi isə elektrik enerjisi ilə bağlı olacaq. Azərbaycan Avropaya təkcə qaz və neft yox, həm də elektrik enerjisi nəql edəcək. Elektrik istehsal edəcəyimiz sahələrdən biri isə təbii ki, nüvə enerjisi ola bilər. Bunun üçün də nüvə reaktorları qurulmalıdır. 
 
Azərbaycanın xüsusilə modul tipli reaktorlara üstünlük verməsi də təsadüfi deyil. Modul tipli reaktorların bir çox avantajları var. Adətən 300 MVt-a qədər gücü olan bu reaktorlar hissə-hissə (modul) istehsal olunur və lazım gəldikdə əlavə modullar qoşularaq gücü artırılır. Ənənəvi reaktorlarla müqayisədə daha təkmil, passiv təhlükəsizlik sistemlərinə malikdirlər, yəni qəza anında insan müdaxiləsi olmadan özləri-özlərini soyuda bilirlər. İnşaat xərcləri və tikinti müddəti ənənəvi böyük reaktorlara nisbətən daha azdır, bu da investisiya risklərini azaldır. Yanacaq doldurulması adətən hər 3-7 ildən bir həyata keçirilir, bu da onların uzunmüddətli işləməsini təmin edir. Bu isə ona imkan verir ki, texnologiya köhnələndə onu rahatlıqla dayandırmaq və soyutmaq mümkün olsun və s.
 
Bütün bunlar Azərbaycanın öz nüvə texnologiyasını Rusiya ilə deyil, ABŞ-la birgə əməkdaşlıq əsasında quracağını göstərir. Yəni Rusiyanın gələcəkdə də Azərbaycanı nüvə təhlükəsi ilə təhdid edib onun suverenliyini məhdudlaşdırmaq ehtimalı yoxdur”.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər