Zelenskinin bu təklifi Azərbaycanın sülhpərvər siyasətinin beynəlxalq miqyasda təntənəsidir
Ekskluziv
221
20:10, Bu gün

Zelenskinin bu təklifi Azərbaycanın sülhpərvər siyasətinin beynəlxalq miqyasda təntənəsidir

Məlum olduğu kimi, Azərbaycana səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski maraqlı təkliflə çıxış edib. Ukraynaya göstərdiyi humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkür edən Zelenski, Ukrayna-Rusiya danışıqlarının Azərbaycanda keçirilməsinin təklif edib.

Şübhəsiz, Zelenskinin Ukrayna-Rusiya danışıqlarının Azərbaycanda keçirilməsi ilə bağlı təklifi ölkəmizin sülhpərvər siyasətinin beynəlxalq miqyasda təntənəsidir. Bu yanaşma Azərbaycanın, həm də müstəqil iradəyə malik etibarlı tərəfdaş olduğunu göstərir.

Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlərə malik bir dövlətdir və rəsmi Bakı iki ölkə arasında uzun illərdir ki, davam edən müharibənin ən qısa zamanda bitməsində, regionda və dünyada sülhn bərqərar olmasında maraqlıdır. Azərbaycan bu müddət ərzində sülhlə bağlı arzusunu ən yüksək səviyyədə ifadə edib, müharibədən əziyyət çəkən insanlara kömək məqsədilə humanitar aksiyalar həyata keçirib. Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyaya cəlb edilməsi, adıçəkilən ölkəyə mütəmadi şəkildə humanitar yardımların göndərilməsi bu qəbildən olan tədbirlərdir. Azərbaycan və Ukrayna dövlət başçılarının Qəbələdə keçirilən görüşündə Prezident Volodimir Zelenskinin bütün bunlara görə dövlətimizə təşəkkür etməsi bir daha göstərdi ki, ölkəmizin bəşəri dəyərlərə verdiyii önəm beynəlxalq miqyasda təqdir edilməkdə, alqışlanmaqdadır.

Bundan başqa, Zelenski Qəbələ görüşündə Ukrayna-Rusiya danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi ki, bu təklif beynəlxalq aləmdə ölkəmizə olan yüksək etimad və inamdan xəbər verir. Hələlik Rusiya tərəfinin bu təklifə münasibəti məlum olmasa da, rəsmi Bakının belə bir vasitəçiliyə hazır olduğu, öz sülhpərvər siyasəti, bitərəfliyi, hadisə və proseslərə səmimi, beynəlxalq hüquq, tarixi ədalət və insani dəyərlərə ehtiram çərçivəsindəki yanaşması ilə bu danışıqlara töhfə verəcəyi birmənalıdır.

İnanırıq ki, Zelenskinin ölkəmizə səfəri Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına təkan verməklə yanaşı, Ukrayna və Rusiya arasında sülhün əldə edilməsi üçün də yeni imkanlar yaradacaq, bu müharibənin başa çatdırılmasında Azərbaycanın sülhpərvər ölkə  kimi potensialından düzgün istifadə edilcək.

Seymur ƏLİYEV

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər