Ermənistanın KTMT-dən çıxmaq qərarı yalnız Paşinyan komandasının seçkilərdəki qələbəsindən sonra verilə bilər...”
Ekskluziv
506
18:38, Bu gün

Ermənistanın KTMT-dən çıxmaq qərarı yalnız Paşinyan komandasının seçkilərdəki qələbəsindən sonra verilə bilər...”

“Çünki indiki iqtidarı Rusiyaya qarşı belə bir addımı həyata keçirmək üçün kifayət qədər güclü deyil...”
 
“ABŞ hazırda Paşinyan iqtidarını açıq və gizli şəkildə müxtəlif sahələrdə dəstəkləyir...”
 
“Nikol Paşinyan iqtidara gəldikdən sonra Rusiyanın hakim olduğu KTMT-dən çıxmaq məsələsinə bir qədər praqmatik yanaşırdı və bu mövzunu açıq şəkildə dilə gətirmirdi. Lakin 44 günlük Qarabağ müharibəsindən sonra Paşinyan və iqtidarı KTMT-dən çıxmaqla bağlı bəyanatlar verməyə başladı. Bunun səbəbi kimi onu göstərirdi ki, həmin müharibədə KTMT Azərbaycana qarşı Ermənistana hər hansı bir dəstək göstərməyib.
Amma bütün bunlara baxmayaraq həmin təşkilatdan tam çıxmaq üçün konkret addımlar atılmadı. Hazırkı vəziyyət isə tam fərqlidir. Birincisi, Ermənistanda parlament seçkilərinə hazırlıq gedir. İkincisi isə, Paşinyan Moskvaya səfər edib Putinlə görüşüb qayıdıb. Bu səfər çərçivəsində həm qapalı, həm də açıq görüşlərdə mesajlar verildi. Putin Paşinyandan KTMT-də qalmaqla bərabər, Ermənistanın Ukraynaya qarşı müharibəsində Rusiya Federasiyasının mövqeyini açıq şəkildə dəstəkləməsini istəyir.”
 
Bu fikirləri beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı Ermənistan Baş naizir Nikol Paşinyanın ölkəsinin KTMT-dən çıxıb-çıxmaması barədə son bəyanatı haqda Moderator.az-a açıqlamasında ifadə edib.
 
“Seçkiöncəsi KTMT-dən çıxmaq barədə özünün və komanda üzvlərinin fikirlər səsləndirməsi də göstərir ki, Paşinyana  Kremldə müəyyən şərtlərin qoyulub. Digər səbəb isə Qərbdən dəstək almaq üçündür. Onsuz da ABŞ hazırda Paşinyan iqtidarını açıq və gizli şəkildə müxtəlif sahələrdə dəstəkləyir. Bu ərəfədə də Ermənistanda Avropa Birliyinin komissarlarının gələcəyi haqda da məlumatlar yayılıb.  Və hətta Avropa qurumlarının, xüsusən də Avropa Şurasının dəstəyi ilə seçkilər zamanı Rusiyanın kiber-hücumlarına qarşı mübarizə ilə bağlı planlar hazırlanır”, -deyə davamında həmsöhbətimiz bildirib.
 
Siyasi şərhçi hesab edir ki, hazırda seçki ərəfəsində Nikol Paşinyanın və Ermənistan hakimiyyətinin KTMT-dən çıxmaqla bağlı rəsmi addımlar atacağını gözləmək real görünmür: 
 
“Yalnız 7 iyun seçkilərindən sonra, Paşinyan iqtidarının qalib gəlib hakimiyyətdə qalmasından və  ölkədəki siyasi vəziyyət sabitləşməsindən sonra KTMT ilə bağlı qərar verilə bilər. Çünki hazırda Ermənistanın sərhədlərinin xeyli hissəsini, o cümlədən Türkiyə ilə Ermənistan arasındakı sərhədi də  Rusiya “FSB”-si qoruyur. Rusiyanın burada hərbi bazası var. Ölkənin dəmir yolu və elektrik enerjisi əsasən Moskvanın nəzarətindədir. Bu şəraitdə KTMT-dən çıxmaq addımları indiki dövrdə atılmayacaq, yalnız gələcəkdə, yəni seçkilərdəki qələbədən sonra situasiya dəyişərsə,  bu qərar nəzərdən keçirilə bilər...”
 
“Paşinyan və Ermənistan hakimiyyəti praqmatik davranır və zaman-zaman belə bəyanatlar verərək Rusiyadan nəsə qoparmaq və ya danışıqlarda şantaj  kimi istifadə edir. Eyni zamanda, bu bəyanatlar Qərbdən dəstək almaq məqsədi daşıyır. Amma reallıqda KTMT-dən çıxmaq üçün heç bir rəsmi addım atılmır, çünki Paşinyanın indiki iqtidarı Rusiyaya qarşı belə bir addımı həyata keçirmək üçün kifayət qədər güclü deyil”, -deyə Teymur Qasımlı vurğulayıb.
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər