Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin məşhur geoloqu və elm adamı Celal Şengör iştirak etdiyi televiziya verilişində xeyli çəki itirməsi ilə diqqət mərkəzinə düşüb.
Moderator.az xəbər verir ki, alimin yeni görünüşü həm proqram aparıcısının, həm də izləyicilərin marağına səbəb olub.
Bildirilir ki, Fatih Altaylının verilişinə qonaq olan Celal Şengör son dövrdə ümumilikdə 50 kiloqram arıqladığını açıqlayıb. Verilişin əvvəlində Altaylı dostuna zarafatla müraciət edərək, “Hamının tanıdığı köhnə kök, indiki arıq Celal Şengör qarşımızdadır. Bilirsinizmi, karizmanızın yarısını itirmisiniz?” sözlərini işlədib.
Şengör isə bu sözləri təbəssümlə qarşılayaraq cavab verib.
Müzakirə zamanı alim istifadə etdiyi arıqlama preparatlarının köməyi ilə 50 kiloqram çəki verdiyini bildirib. Bu açıqlamadan sonra Fatih Altaylı ona daha çox arıqlamamağı məsləhət görüb.
“Artıq kifayətdir. Bu tip dərmanlardan uzun müddət istifadə etmək doğru deyil. Onlar piylənmənin yaratdığı təhlükələri azaltmağa kömək etsə də, özlərinə məxsus riskləri də mövcuddur. Bu risklər zaman keçdikcə daha aydın şəkildə ortaya çıxır. Ona görə də preparatları mərhələli şəkildə dayandırıb, düzgün qidalanma ilə çəkimizi qorumalıyıq”, – deyə Altaylı vurğulayıb.
Celal Şengör isə aparıcının fikirləri ilə razılaşaraq istifadə etdiyi arıqlama iynəsini tədricən dayandırmağa başladığını qeyd edib.
Xatırladaq ki, son illərdə çəki azaltmaq məqsədilə istifadə olunan preparatlar dünyada geniş populyarlıq qazanıb. Bununla yanaşı, mütəxəssislər bu vasitələrin yalnız həkim nəzarəti altında istifadə edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırlar.