Dünya
357
15:45, Bu gün

"ABŞ-ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi" -  "Politico"

"Blue Origin" şirkətinin raketinin start meydançasında partlaması NASA-nın Ay proqramını ən azı bir il geriyə sala və Vaşinqtonun Çinlə kosmik rəqabətdə planlarını çətinləşdirə bilər..."

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda baş verən güclü partlayış ölkənin Ay proqramına ciddi zərbə vurub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Politico" nəşri yazıb.

Partlayış Ay proqramını təhlükə altına qoydu

Nəşr yazır ki, milyardçı Ceff Bezosun sahibi olduğu "Blue Origin" şirkətinin "New Glenn" raketi start meydançasında partlayıb. NASA bu raketdən gələcək Ay missiyalarında istifadə etməyi planlaşdırırdı.

Xüsusilə də Donald Tramp administrasiyasının 2028-ci ilə qədər amerikalı astronavtları yenidən Aya göndərmək və burada daimi baza yaratmaq planlarında "New Glenn" mühüm rol oynayırdı. Partlayış nəticəsində şirkətin əsas start kompleksi ciddi ziyan görüb və onun bərpasının aylarla, hətta daha uzun müddət davam edə biləcəyi bildirilir.

NASA indi "SpaceX"-ə daha çox güvənməli olacaq

Mütəxəssislərin fikrincə, insidentdən sonra NASA Ay proqramında daha çox İlon Maskın "SpaceX" şirkətinə arxalanmağa məcbur qalacaq. Halbuki agentlik indiyədək riskləri azaltmaq üçün həm "Blue Origin", həm də "SpaceX" texnologiyalarından paralel istifadə etməyə çalışırdı. NASA növbəti illərdə hər iki şirkətin Aya eniş modullarını sınaqdan keçirməyi planlaşdırırdı. 

Bu sınaqlar "Artemida-3" missiyasının əsas hissəsi hesab olunur və 2028-ci ildə nəzərdə tutulan insanlı Ay enişinə hazırlıq məqsədi daşıyır. Lakin "Blue Origin"-in layihədən müvəqqəti kənarda qalması bütün yükü "SpaceX"-in üzərinə qoyur. Bu isə hələ tam sınaqdan keçməmiş texnologiyalara daha çox etibar etmək deməkdir.

Çinlə yarış gecikə bilər

Sənaye nümayəndələri hesab edirlər ki, zədələnmiş infrastrukturun bərpası, qəzanın araşdırılması və raketin yenidən uçuşlara hazırlanması ən azı bir il vaxt apara bilər. Bu isə NASA-nın Ay bazası yaratmaq planlarını gecikdirmək riski yaradır.

Məhz bu həftə NASA "Blue Origin"-in Ay proqramında mühüm rol oynayacağını, şirkətin bu ilin payızında pilotsuz "Blue Moon" eniş aparatını Aya göndərməyi planlaşdırdığını açıqlamışdı. Bundan əlavə, şirkət 2028-ci ildə Ay səthinə iki aygəzdirici çatdırmaq üçün müqavilə də almışdı.

Ekspertlərin fikrincə, əgər "Blue Origin" layihələrini vaxtında bərpa edə bilməsə, ABŞ-ın Ay bazası qurmaq planları və Çinlə kosmik yarışda üstünlüyü qorumaq strategiyası ciddi şəkildə ləngiyə bilər. Buna baxmayaraq, Ceff Bezos insidentdən sonra bütün əməkdaşların təhlükəsiz olduğunu bildirib və şirkətin fəaliyyətini bərpa edərək uçuşlara qayıdacağını vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər