İsrail ordusu Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatlar zamanı yeni itkilər verdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, Aşkelon şəhərindən olan 21 yaşlı baş çavuş Mixail Tyukin həlak olub. O, "Qolani" piyada briqadasının kəşfiyyat bölməsində xidmət edirmiş. Hadisə zamanı onun dörd xidmət yoldaşı isə yüngül xəsarətlər alıb.
Məlumata görə, insident "Hizbullah"ın idarə etdiyi və partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində baş verib. Hadisə İsrail ordusunun mayın 31-də nəzarətə götürdüyü Bofor qalası yaxınlığındakı strateji yüksəklikdə qeydə alınıb.
Qeyd olunub ki, həlak olan Mixail Tyukin Ukraynadan İsrailə köçən repatriant idi. O, 2020-ci ildə anası ilə birlikdə İsrailə köçüb və ailənin yeganə övladı olub.