Dünya
377
14:50, Bu gün

"Xameneinin sükutu Trampı qəzəbləndirdi: İranla nüvə sazişinin şərtləri sərtləşdirilir" - "Axios"

"Vaşinqton və Tehran arasında ilkin razılaşma əldə olunsa da, İran rəhbərliyinin cavab verməməsi danışıqları dalana salıb və Trampı sənədə əlavə tələblər daxil etməyə vadar edib..."

ABŞ və İran nümayəndələri arasında hazırlanan nüvə sazişi layihəsi gözlənilmədən yeni çətinliklərlə üzləşib. 

Moderator.az xəbər verir ki, bu barədə "Axois" nəşri yazıb.

Razılaşdırılmış sənəd yenidən dəyişdirilir

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp ilkin razılaşdırılmış sənədə bir sıra düzəlişlər edilməsini tələb edib. Məlumata əsasən, Vaşinqtonda hesab edirlər ki, İranın ali rəhbəri Müctəba Xameneinin uzun müddətdir cavab verməməsi danışıqlar prosesini faktiki olaraq dondurub.

Ağ evdə bu sükutun Tehranın vaxt udmaq cəhdi ola biləcəyi barədə narahatlıqlar artır. Mənbələrin sözlərinə görə, Tramp xüsusilə İranın nüvə proqramı və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı daha sərt təminatlar tələb edir. Prezidentin göstərişindən sonra sənəd yenidən işlənmək üçün danışıqlar qrupuna qaytarılıb.

Mübahisənin mərkəzində nüvə proqramı dayanır

Müzakirə olunan memorandum yekun saziş deyil, müharibəni dayandırmaq və növbəti danışıqlar mərhələsinə keçmək üçün nəzərdə tutulmuş prinsiplər sənədidir. Layihəyə görə, tərəflər arasında 60 günlük atəşkəs rejimi uzadılmalı və bu müddətdə yekun razılaşma hazırlanmalıdır.

Sənəddə Hörmüz boğazında gəmiçiliyin bərpası, ABŞ məhdudiyyətlərinin mərhələli yumşaldılması, İranın dondurulmuş aktivlərinin hissə-hissə açılması və gələcəkdə sanksiyaların ləğvi kimi məsələlər də yer alır.

Lakin ən ciddi fikir ayrılığı nüvə proqramı ətrafında qalır. Vaşinqton İranın nüvə silahı hazırlamaq imkanlarının tam məhdudlaşdırılmasını, zənginləşdirilmiş uranın ya ölkədən çıxarılmasını, ya da beynəlxalq nəzarətə verilməsini tələb edir. Məhz bu məsələ Trampın sənədə yenidən müdaxilə etməsinin əsas səbəbi hesab olunur.

Sükut razılaşmanı təhlükə altına salır

Nəşrin yazdığına görə, İsrail və ABŞ-də bəzi dairələr hesab edirlər ki, Müctəba Xameneinin cavab verməməsi danışıqların taleyini risk altına qoyur. Ağ evdə narazılıq artır və danışıqların daha da uzanması Trampın mövqeyini sərtləşdirə bilər.

Mənbələr bildirir ki, saziş əleyhdarları həm İranda, həm də İsraildə fəallaşıblar. Onlar razılaşmanın ya Tehrana həddindən artıq güzəşt verdiyini, ya da nüvə proqramı ilə bağlı kifayət qədər sərt olmadığını iddia edirlər. Ekspertlər xəbərdarlıq edirlər ki, siyasi prosesin uzanması regionda yeni hərbi eskalasiya riskini də artırır.

Buna baxmayaraq, Ağ ev yaxın günlər və ya həftələr ərzində yekun razılaşmanın əldə olunacağına hələ də ümid edir. ABŞ administrasiyası hesab edir ki, əsas nüvə məsələləri üzrə son formulalar razılaşdırılarsa, Tehranla saziş imzalanması hələ də mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər