Dünya
248
19:00, Bu gün

"Zelenski daha 2-3 illik müharibəyə hazırlaşmağı tapşırıb" - "The Economist"

"Qarşıdurmanın taleyi artıq yalnız cəbhədə deyil, ölkənin iqtisadi və ictimai dözümlülüyündən də asılı olacaq..."

Ukrayna hakimiyyəti Rusiya ilə müharibənin daha bir neçə il davam edə biləcəyini real ssenari hesab edir.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.

Müharibə uzun çəkə bilər

Nəşrin hökumət mənbələrinə istinadən bildirdiyinə görə, prezident Vladimir Zelenski ölkəni daha 2-3 illik qarşıdurmaya hazırlamağı tapşırıb. Məqalədə qeyd olunur ki, cəbhə xətti əsasən sabitləşib, Avropanın dəstəyi davam edir, Ukrayna isə xüsusilə dron istehsalını sürətlə artırır. Kiyevdə getdikcə daha çox hesab olunur ki, uzunmüddətli müharibə qaçılmazdır.

Ukraynanın əsas üstünlüyü

Ukrayna ordusu bildirir ki, müdafiənin effektivliyi pilotsuz sistemlər hesabına artır. Hərbçilərin fikrincə, Rusiya ordusunun itkiləri yüksək olaraq qalır və Moskva onları lazımi sürətlə bərpa edə bilmir. 413-cü alayın komandiri Yevgeni Karas deyib ki, Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək indi əvvəlkindən "üç dəfə asandır".

Onun sözlərinə görə, payıza doğru Rusiyanın hava hücumundan müdafiə sistemində ciddi problemlər yarana bilər. Nəşr vurğulayır ki, Ukrayna əhalisi və iqtisadiyyatı qat-qat böyük olan Rusiyaya qarşı indiyədək müqavimət göstərməyi bacarıb və bu, artıq ayrıca göstərici sayılır.

Daxildə narazılıq artır

Bununla yanaşı, müharibənin daxili nəticələri də ağırlaşır. Enerji infrastrukturu davamlı hücumlara məruz qalır, iqtisadiyyat əsasən beynəlxalq yardım hesabına ayaqda qalır, işçi qüvvəsinin azalması isə bərpa prosesini zəiflədir.

Məqalədə korrupsiya, məcburi səfərbərlik halları və hakimiyyət daxilindəki çəkişmələrin cəmiyyətdə narazılığı artırdığı qeyd olunur. Bəzi mənbələr qərarların getdikcə daha dar çevrədə qəbul edildiyini bildirir. Yüksək rütbəli kəşfiyyat zabitlərindən biri nəşrə deyib: "Zelenski güclü insanları sevmir. O, ətrafında sədaqət kultu yaradıb".

Danışıqlardan nəticə yoxdur

Məqalənin sonunda bildirilir ki, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar hələlik davamlı nəticə verməyib. Tərəflərdən heç biri yaxın vaxtda müharibəni dayandırmağa hazır görünmür. Nəşrin qiymətləndirməsinə görə, Ukrayna müharibəni davam etdirmək gücünü hələ saxlayır, lakin bunun qiyməti getdikcə daha ağır olur.

Kiyev iddiaları təkzib etdi

Prezident Ofisinin kommunikasiya müşaviri Dmitri Litvin isə "The Economist" nəşrinin məlumatını təkzib edib. Onun sözlərinə görə, "bu, əvvəl də yayılmış məqsədli informasiya sızdırılmasıdır".

Litvin bildirib ki, Vladimir Zelenski deputatlarla görüşdə daha çox yaxın altı aylıq dövrə - noyabr ayına qədər olan mərhələyə fokuslanmağın vacibliyindən danışıb. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Aleksandr Kovalenko də qeyd edib ki, Qərb mediasında müharibənin müddəti ilə bağlı yayılan "insaydlar" reallıqdan uzaq səs-küylü başlıqlardır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər