İqtisadçı xəbərdarlıq edir: Kredit portfelinin sürətli genişlənməsi problemli borcları artırır
İqtisadiyyat
283
08:48, Bu gün

İqtisadçı xəbərdarlıq edir: Kredit portfelinin sürətli genişlənməsi problemli borcları artırır

Kredit bazarında son dövrlərdə müşahidə olunan dinamika maliyyə sektorunda risklərin və portfel strukturunun dəyişməsi baxımından diqqət mərkəzində qalır. Kreditləşmənin genişlənməsi fonunda problemli aktivlərin hərəkəti və onların ümumi portfeldə payı xüsusi əhəmiyyət kəsb edir. Bu proseslər bank sektorunun dayanıqlılığı və maliyyə sabitliyi ilə bağlı sualları daha da aktuallaşdırır. Eyni zamanda kredit artımı ilə risklərin artım tempi arasındakı nisbət mövcud tendensiyaların qiymətləndirilməsində əsas göstərici kimi çıxış edir.

Maraqlıdır, Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə əsasən, 2025-ci il ərzində vaxtı keçmiş kreditlərin məbləğində həm aylıq azalma, həm də illik artım müşahidə olunur. Bu ziddiyyətli dinamikanı necə izah etmək olar və problemli kreditlərin ümumi kredit portfelində payının sabit qalması bank sektorunun risk idarəetməsi barədə nə deməyə əsas verir?

Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı Rəşad Həsənov açıqlama verib. 

Rəşad Həsənov vurğulayıb ki, ilk növbədə qeyd edim ki, aylıq azalma kimi təqdim edilən göstərici əslində çox cüzi məbləğdə azalmadır və təxminən 0,9% azalma müşahidə olunur. Problemli portfelin həcmində baş verən bu dəyişiklik nəticəsində göstərici 619 milyondan 614 milyona düşüb:

"Bu isə illik müqayisədə, yaxud ilin əvvəli ilə bu ilin əvvəli və ya 12 aylıq müqayisə kontekstində müşahidə edilən artımla yanaşı baxıldıqda, çox cüzi bir azalma kimi xarakterizə olunur. Məsələn, son 12 aylıq artım dinamikasına nəzər yetirsək, burada təxminən 110 milyon manat artımdan söhbət gedir ki, bu fonunda 5 milyon manatlıq azalma ümumi illik və ya 12 aylıq müqayisədə trendi dəyişdirən göstərici hesab oluna bilməz. Eyni zamanda burada əsas təsiredici amil ondan ibarətdir ki, problemli kreditlərin artım sürəti kredit portfelinin artım sürəti ilə müqayisədə onu üstələyir. Yəni son 12 ay ərzində kredit portfelinin hər ay orta hesabla 0,8% artdığını müşahidə edirik. Buna qarşılıq olaraq problemli kreditlər 2% artır və nəticə etibarilə problemli kreditlərin ümumi portfeldə payı artmaqda davam edir.

Yəni bu göstərici qeyd etdiyiniz kimi sabit deyil, əksinə artan istiqamətdə inkişaf edir. 12 ay bundan əvvəl portfeldə vaxtı keçmiş kreditlərin payı 1,7% idisə, bu gün artıq bu göstərici 1,9%-dir və həmin dinamika həm milli valyutada olan kreditlərdə, həm də xarici valyutada olan kreditlərdə müşahidə edilir. Bununla belə, xarici valyutada olan kreditlər üzrə müəyyən dinamika fərqliliyi mövcuddur. Lakin bu seqmentin ümumi portfeldə payı nisbətən daha az olduğu üçün əsas təsiredici amil kimi çıxış etmir. Çünki 32,6 milyardlıq kredit portfelinin 28,3 milyardlıq hissəsi məhz milli valyutada olan kreditlərdən formalaşır".

İqtisadçı bildirib ki, xarici valyutada olan kreditlər üzrə vaxtı keçmə səviyyəsi nisbətən daha yüksəkdir, yəni gecikmə və problemli kreditlərin artım sürəti daha yüksək dinamika nümayiş etdirir:

"Amma buna baxmayaraq, əsas formalaşdırıcı mənbə məhz milli valyutada olan portfeldəki artımlardır. Bu isə öz növbəsində ilk növbədə son 5-6 ildə müşahidə olunan sürətli dəyişikliklərin nəticəsi olaraq kredit portfelinin ümumi həcminin kəskin artımı ilə əlaqələndirilə bilər. Məsələn, 2020-ci ildə əgər biz 15 milyardlıq kredit portfelindən danışırdıqsa, hazırda bu göstərici 32,6 milyarda yüksəlibdir, yəni 6 il ərzində, hətta 5 il ərzində bu səviyyəyə çatıb. Bu isə təxminən 2 onda 3 dəfə artım deməkdir. Digər maraqlı məqam ondan ibarətdir ki, ev təsərrüfatlarında kreditləşmə daha sürətli artıb. Belə ki, ev təsərrüfatlarına verilən kreditlər 2020-ci ildə 6.7 milyard idisə, 2026-cı ilin aprel ayında artıq bu göstərici 18 milyardın üzərindədir.

Yəni bu istiqamətdə 2.8 dəfə artım müşahidə olunur. Deməli, dəyər yaradan sahələrdən daha çox son 6 ildə kredit portfeli məhz ev təsərrüfatlarına verilən kreditlər hesabına genişlənib. Başqa sözlə, passiv kredit növü üzrə artım daha yüksək olub. Son 6 ildə bu kredit növü üzrə orta artım tempi 19.3% təşkil edib ki, bu da kifayət qədər yüksək göstəricidir. Bu şəkildə portfelin genişlənməsi isə təbii olaraq problemli kreditlər bazasının böyüməsinə və risklərin artmasına gətirib çıxarır. Çünki hər növbəti verilən kredit əvvəlki ilə müqayisədə daha riskli kredit hesab olunur".

Həsənov əlavə edib ki, belə ki, ekspansiv kredit siyasəti mərhələli şəkildə daha yeni və daha riskli müştəri seqmentlərinə kreditlərin verilməsinə səbəb olur:

"Nəticə etibarilə, problemli kreditlərin artım tempi də sürətlənir. Burada isə əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi, xüsusilə son illərdə ciddi rəqəmlərlə ifadə olunan inflyasiya göstəriciləri də mühüm təsir amili kimi çıxış edir. Bu faktorlar kreditlərin geri qaytarılması imkanlarını müxtəlif formalarda məhdudlaşdıran əsas səbəblərdən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda kreditlərin əlçatanlığının artması, davranış əsaslı kreditləşmə imkanlarının genişlənməsi və digər faktorlar nəticəsində son dövrlərdə daha çox məsuliyyətsiz borclanma meylləri müşahidə olunur.

Banklar müştərilərə onların xərcləmə davranışlarını əsas götürərək müxtəlif kredit paketləri təklif edir və bəzi hallarda bu kredit paketləri ehtiyac olmadığı halda belə müştərilər tərəfindən qəbul edilərək aktivləşdirilir. Nəticədə bu vəsaitlər daha az ehtiyaclı və qeyri-səmərəli xərcləmələrə yönəlir və sonradan onların geri qaytarılması ciddi çətinliklər yaradır. Yəni biz altı ildə əhalinin gəlirlərinin 2.8 dəfə artdığını görmürük, lakin əhalinin borc yükü 2.8 dəfə artır. Nəticədə bu, kredit ödənişlərinə yönələn ailə gəlirlərinin payının artmasına və həmin borcların geri qaytarılması imkanlarının zəifləməsinə gətirib çıxarır.

Hazırkı mərhələdə, bütün bu amillərə baxmayaraq, vəziyyət müəyyən qədər nəzarət oluna bilən həddədir. Yəni mastır kriteriyalarla müəyyən edilmiş 3 faizli hədd hələ keçilməyib və bu baxımdan vəziyyət nisbətən qənaətbəxş hesab oluna bilər. Lakin əsas problem ondan ibarətdir ki, artıq problemli kreditlərin artımı xroniki xarakter almaqdadır və bu xroniki xarakter, eləcə də portfelin böyümə sürətini üstələyən dinamika bu sahədə narahatlıq doğuran əsas siqnallar kimi qiymətləndirilməlidir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən müvafiq addımların atılması zəruri hesab olunur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər