"Vaşinqton və Tehran arasında prinsipial anlaşma əldə olunduğu iddia edilir..."
ABŞ və İran Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bağlı "prinsipial razılıq" əldə edib. Razılaşma hələ imzalanmasa da, xəbərlər dünya neft bazarına dərhal təsir göstərib.
Moderator.az xəbər verir ki, bu barədə anonim amerikalı məmura istinadən "The New York Times" nəşri yazıb.
Məlumata görə, hazırlanan sənəd 60 günlük atəşkəs rejiminin uzadılmasını, həmçinin Hörmüz boğazının minalardan təmizlənərək gəmiçilik üçün açılmasını nəzərdə tutur.
Bununla belə, İranın boğaz üzərində hansı səviyyədə nəzarəti saxlayacağı hələ dəqiq deyil. İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rəzai mayın 24-də bildirib ki, İslam Respublikası bu strateji su hövzəsini idarə etmək hüququnu qoruyacaq.
Rubio və Trampdan sərt mesajlar
ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı açıqlayıb ki, Vaşinqton İranla mümkün razılaşma barədə xəbərləri artıq bu gün gözləyir. O bildirib ki, əgər saziş əldə olunmasa, ABŞ "problemi başqa üsulla həll etməli olacaq".
Bundan sonra ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb ki, İranla razılaşma "ya böyük və əhəmiyyətli olacaq, ya da ümumiyyətlə olmayacaq". Maraqlıdır ki, Tramp bir gün əvvəl danışıqlar aparan nümayəndələrə "tələsməməyi" tapşırdığını deyib.
Tehran da Rubionun bəyanatına reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu təsdiqləsə də, yaxın vaxtlarda yekun razılaşmanın imzalanacağını gözləmədiklərini bildirib.
Neft bazarı dərhal reaksiya verdi
Razılaşma hələ rəsmiləşdirilməsə də, yayılan məlumatlardan, eləcə də Rubionun açıqlamasından sonra neft qiymətləri ciddi şəkildə aşağı düşüb. Brent markalı neftin qiyməti təxminən 6 faiz ucuzlaşaraq bir barel üçün 97 dollar civarına enib.
Hörmüz boğazı niyə bu qədər vacibdir?
Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdəbirinin keçdiyi əsas marşrutlardan biri hesab olunur. İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları başlayandan sonra - fevralın sonundan etibarən burada gəmiçilik faktiki olaraq dayanıb.
Əvvəlcə İran boğazdan keçidə məhdudiyyət qoyub, daha sonra isə aprelin 13-də ABŞ bölgədə dəniz blokadasına başlayıb. Bunun nəticəsində neft qiymətləri aylarla 100 dollardan aşağı düşməyib.
Hazırda ABŞ və İran arasında atəşkəs rejimi qüvvədədir. Aprelin 11-də İslamabadda keçirilən ilk danışıqlar raundu nəticəsiz başa çatıb. Vaşinqtonun əsas tələbi İranın nüvə proqramının məhdudlaşdırılması və nüvə silahı hazırlamaqdan imtina etməsidir. Tehran isə bu şərtlərlə razılaşmağa hazır olmadığını bildirir.
Qeyd edək ki, Hörmüz boğazının açılması ilə bağlı xəbərlər müharibə dövründə ilk dəfə yayılmır. Mayın əvvəlində "Al Arabiya" telekanalı da tərəflərin blokadanın yumşaldılması və boğazın mərhələli şəkildə açılması barədə anlaşmaya yaxın olduğunu bildirib.