ABŞ-da yayımlanan materiallardan biri - The Detroit Jewish News - əslində daha böyük bir mənzərənin kiçik parçasıdır. Məqalədə təsvir olunan hadisə - Vaşinqtonda xristian və yəhudi icmalarının İsrailə dəstək üçün bir araya gəlməsi - ilk baxışda emosional həmrəylik kimi görünə bilər. Amma bu, əslində geosiyasi reallığın açıq ifadəsidir.
Məqalənin mərkəzində Ravvin Conatan Saksın fikri dayanır: yəhudilər dünya əhalisinin cəmi 0.2 faizini təşkil edirsə, onların yaşaması və təhlükəsizliyi üçün müttəfiqlər həyati əhəmiyyət daşıyır. Bu, sadəcə emosional çağırış deyil — tarixdən çıxarılan nəticədir. Yəhudilər əsrlər boyu bunu anlayıblar, bəzən güclü ittifaqlar qurublar, amma çox vaxt tək qalıblar, təqib olunublar, pogromlarla üzləşiblər.

Məhz buna görə də Vaşinqtonda keçirilən “İsrailə Dəstək Günü” adi tədbir deyil. 7 oktyabr 2023 hücumlarından sonra formalaşan bu platforma çərçivəsində xristian təşkilatları ilə yəhudi qurumları bir araya gəldi. ABŞ-ın müxtəlif ştatlarından gələn dini liderlər, icma nümayəndələri, ictimai xadimlər açıq şəkildə İsrailə dəstək nümayiş etdirdilər. Bu, sadəcə siyasi jest deyil — psixoloji və ideoloji dəstəkdir.
Tədbirin ən təsirli məqamlarından biri yüzlərlə xristianın İsrailin milli himni “Hatikva”nı ayaq üstə, ürəklərinə əl qoyaraq oxuması idi. Ravvin Aaron Starr bunu belə ifadə edir: bu an göstərdi ki, “yəhudilər və İsrail artıq tək deyil”. Bu cümlə təsadüfi deyil. Bu, uzun illər davam edən qorxunun, təcridin və təhdidin içindən çıxan bir etirafdır.
Xristian təşkilatlarının mövqeyi də açıqdır. “American Christian Leaders for Israel” kimi qurumlar İsrailə qarşı zorakılıqları pisləyir və açıq şəkildə onun yanında olduqlarını bəyan edirlər. Onların arqumenti maraqlıdır: bu dəstək yəhudiləri din dəyişməyə çağırmaq deyil, sadəcə “düzgün olanı etməkdir”. Yəni bu, dini yox, dəyərlər üzərindən qurulan ittifaq kimi təqdim olunur.
Amma bu mənzərənin arxasında daha sərt geosiyasi reallıq dayanır.

ABŞ İsrailə hər il təxminən 3.8 milyard dollar hərbi yardım ayırır. Bu, təsadüfi rəqəm deyil — bu, İsrailin təhlükəsizlik arxitekturasının əsas sütunudur. İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən “Iron Dome” (Dəmir Qübbə), bu dəstəyin konkret nəticəsidir. ABŞ üçün İsrail Yaxın Şərqdə hərbi-siyasi dayaq nöqtəsidir. Ona görə də bəzən İsrailə “ABŞ-ın 51-ci ştatı” deyilməsi ironiyadan çox reallığa yaxın səslənir.
Eyni zamanda, İsrail cəmiyyətinin əhəmiyyətli hissəsi ABŞ-la sıx bağlıdır — ikili vətəndaşlıq, iqtisadi əlaqələr və siyasi lobbiçilik bu münasibətləri daha da gücləndirir.
Bütün bunların kökündə isə tarixi qorxu dayanır.
Yəhudilər əsrlərlə Avropada təqib olunublar. Orta əsrlərdən XX əsrə qədər mütəmadi olaraq pogromlar yaşanıb. II Dünya müharibəsi və Holokost bu prosesi kulminasiya nöqtəsinə çatdırdı. Bundan sonra İsrail dövlətinin yaradılması sürətləndi. Britaniya imperiyasının dəstəyi ilə formalaşan bu dövlət, həm də Avropanın “yəhudi problemini” Yaxın Şərqə ötürməsi idi.
Tarixən bir-birinə yaxın olan xalqlar — yəhudilər və ərəblər — qarşıdurmaya sürükləndi. Halbuki hər iki xalq semit mənşəlidir, dilləri oxşardır və dini baxımdan İbrahim peyğəmbərin-yəhudilər İshaq, ərəblər isə İsmayılın nəslindən gəlirlər. Bu, etnik yox, siyasi qarşıdurmadır. Yəni bu qarşıdurma etnik və ya dini fərqdən çox, siyasi və geosiyasi ziddiyyətlərin nəticəsidir. Paradoksal olan odur ki, Yəhudilər və ərəblər əslində qohum xalqlardır. Ancaq siyasi maraqlar bu qohum xalqları düşmən edib.
Rəqəmlər çox şeyi izah edir. Yəhudilərin sayına diqqət edək: Dünyada ümumilikdə təxminən 15–16 milyon yəhudi yaşayır, Israeldə təxminən 7.2 milyon yəhudi, ABŞ-da isə təxminən 7.5–8 milyon yəhudi yaşayır. Yəni dünya yəhudilərinin böyük əksəriyyəti cəmi iki ölkədə cəmlənib.

Bəs ərəblərin sayı nə qədərdir? Dünyada təxminən 450–470 milyon ərəb yaşayır . Bu isə o deməkdir ki, 15 milyon yəhudi 450 milyon ərəblər düşmənçilik edir. Mən hələ digər müsəlman ölkələrini bu sıraya daxil etmirəm.
Bu, sadəcə statistika deyil — bu, təhlükəsizlik psixologiyasını formalaşdıran əsas amildir.
Məhz buna görə də İsrail daim müttəfiq axtarır. ABŞ-la münasibətlər İsrail üçün həyati xarakter daşıyır. Vaşinqtondakı o səhnə — xristianların açıq dəstəyi — emosional yox, strateji ehtiyacdır. Başqa sözlə desək, Ravvin Saksın dediyi fikir burada tam məntiq qazanır: say azdırsa, tək qalmaq lüks deyil.
İsrail yarandıqdan sonra regionda münasibətlər sürətlə gərginləşdi. Fələstin məsələsi, torpaq mübahisələri və regional güc balansı İsraili demək olar ki, bütün müsəlman dünyası ilə qarşı-qarşıya qoydu. Bu gün də İsrailin Türkiyə və İranla münasibətləri gərgindir, ərəb ölkələrinin böyük hissəsində isə ona qarşı ciddi narazılıq mövcuddur.
Bu vəziyyət İsraili davamlı təhlükə hissi ilə yaşamağa məcbur edir. Məhz buna görə də o, ABŞ kimi güclü müttəfiqin hərbi və siyasi dəstəyinə ehtiyac duyur. Bu, sadəcə strateji seçim deyil, həm də təhlükəsizlik instinktidir. Çünki Fələstin problemi İsraili davamlı təhlükə hissi ilə yaşamağa məcbur edir.
Və bu nöqtədə Vaşinqtondakı o səhnə — xristianların “siz tək deyilsiniz” deməsi — emosional jest olmaqdan çıxır, strateji məna qazanır.
Çünki həqiqət sadədir: İsrail güclüdür, amma tək qalmaqdan qorxur.
ABŞ güclüdür, amma İsraildən imtina edə bilmir.
Və bu münasibətin adı dostluqdan çox, zərurətdir.
Elbəyi Həsənli, Sürix