Dünya
300
20:50, Bu gün

"Ticarət atəşkəsi" qorunacaq, əsas ziddiyyətlər isə qalacaq: Tramp və Si Pekində nəyi müzakirə edir?" - "Stratfor" (ABŞ)

“Vaşinqton və Pekin iqtisadi münasibətlərdə gərginliyi azaltmağa çalışsa da, Tayvan, İran və texnologiya məsələləri açıq qalır..."

ABŞ prezidenti Donald Trampın 13-15 may tarixlərində Çinə səfəri dünya siyasətinin əsas mövzularından birinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Stratfor" analitik mərkəzi yazıb.

Qeyd olunur ki, Tramp və Çin lideri Si Tszinpin arasında keçiriləcək görüşlərdə əsas diqqət iqtisadi münasibətlərə yönələcək, lakin tərəflər arasındakı strateji ziddiyyətlərin həlli gözlənilmir.

"Ticarət atəşkəsi" və iqtisadi gündəm

Nəşrin qiymətləndirməsinə görə, sammitin əsas nəticəsi ABŞ və Çin arasında ötən il əldə olunan "ticarət atəşkəsi"nin qorunması ola bilər. Bununla yanaşı, texnologiya məhdudiyyətləri, Tayvan məsələsi, İran böhranı və nadir torpaq metalları ətrafındakı qarşıdurmalar hələ də açıq qalacaq.

Məlumata görə, Tramp Pekində Si Tszinpinlə ticarət şuralarının yaradılması, Çin tərəfindən Amerika kənd təsərrüfatı məhsulları və enerji resurslarının alınması, həmçinin süni intellekt və nüvə təhlükəsizliyi ilə bağlı mexanizmləri müzakirə etməyi planlaşdırır.

ABŞ nümayəndə heyətinə "Tesla" və "SpaceX" rəhbəri İlon Mask, "Apple" rəhbəri Tim Kuk, "BlackRock" rəhbəri Larri Fink və digər iri şirkətlərin rəhbərlərinin daxil olması səfərin iqtisadi xarakterini xüsusi vurğulayır.

İran və Hörmüz boğazı məsələsi

"Stratfor" qeyd edir ki, Vaşinqton İran məsələsində də Pekinin təsir imkanlarından istifadə etmək istəyir. ABŞ hesab edir ki, Çin İran neftinin əsas alıcısı olduğu üçün Tehran üzərində müəyyən təsirə malikdir və Hörmüz boğazında təhlükəsizliyin bərpasında rol oynaya bilər.

Analitiklər bildirir ki, Tramp administrasiyası Çindən Amerika məhsullarının idxalını artırmağı və nadir torpaq metalları üzrə ixrac məhdudiyyətlərini yumşaltmağı tələb edəcək. Əvəzində Pekin ABŞ-ın texnologiya sahəsində tətbiq etdiyi sərt məhdudiyyətlərin zəiflədilməsini istəyir.

Tayvan məsələsi əsas risk olaraq qalır

Nəşrin fikrincə, sammitdə ən həssas mövzulardan biri Tayvan olacaq. Çin Vaşinqtonun "Tayvanın müstəqilliyini dəstəkləmirik" ifadəsini daha sərt formada dəyişməsini istəyir. ABŞ daxilində isə belə addımın Pekinə güzəşt kimi qəbul edilə biləcəyi bildirilir.

"Stratfor" hesab edir ki, tərəflər bəzi iqtisadi razılaşmalar əldə etsələr də, əsas geosiyasi problemlər həll olunmamış qalacaq və ABŞ-Çin münasibətlərində gərginlik yenidən arta bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər