"Kiyev və Vaşinqtonun texnoloji əməkdaşlığı artıq yalnız məlumat analizini deyil, birbaşa döyüş əməliyyatlarını da əhatə edir..."
Ukrayna ABŞ-ın "Palantir Technologies" məçhur texnoloji şirkəti ilə əməkdaşlığı genişləndirərək süni intellekt əsaslı hərbi texnologiyaların tətbiqini sürətləndirir.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Süni intellekt cəbhəyə çıxır
Şirkətin rəhbəri Aleks Karp Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və müdafiə naziri Mixail Fyodorov ilə görüş keçirib. Fedorovun sözlərinə görə, tərəflər artıq hava hücumlarının təhlili, kəşfiyyat məlumatlarının emalı və Rusiyanın dərinliklərinə zərbələrin planlaşdırılması üçün süni intellekt həllərini tətbiq ediblər. O bildirib ki, müasir müharibədə texnologiya, məlumat analizi və süni intellekt döyüş meydanındakı nəticələrə birbaşa təsir göstərir.
"Brave1 Dataroom" və döyüş məlumatları
Əməkdaşlığın əsas istiqamətlərindən biri də Palantir ilə birlikdə yaradılan "Brave1 Dataroom" platformasıdır. Bu sistem Ukrayna şirkətlərinə real döyüş meydanından əldə olunan məlumatlarla süni intellekt modellərini öyrətməyə imkan verir. Hazırda 100-dən çox şirkət 80-dən artıq modeli hava hədəflərinin aşkarlanması və məhv edilməsi üçün test edir.
Ukrayna tərəfi hesab edir ki, bu texnologiyalar ölkəyə döyüş meydanında texnoloji üstünlük qazandırır. Fyodorov qeyd edib ki, Aleks Karp 2022-ci ilin iyununda - genişmiqyaslı müharibənin başlanmasından qısa müddət sonra Kiyevə gələn ilk iri Qərb texnologiya şirkəti rəhbərlərindən biri olub.
"Palantir" nə ilə məşhurdur?
"Palantir Technologies" uzun illər ABŞ xüsusi xidmət orqanları və təhlükəsizlik strukturları üçün analitik sistemlər hazırlayıb. Şirkətin proqram təminatı peyk görüntüləri, kameralar, sensorlar və müxtəlif məlumat bazalarından informasiyanı birləşdirərək əlaqələri aşkar etməyə imkan verir. Şirkətin texnologiyalarının vaxtilə "Əl-Qaidə" lideri Usama bin Ladenin yerinin müəyyən edilməsində istifadə olunduğu bildirilir.
Bununla yanaşı, "Palantir" ABŞ daxilində izləmə və məxfiliklə bağlı tənqidlərin də hədəfinə çevrilib. "The Washington Post" daha əvvəl yazıb ki, "Palantir"-in sistemləri Ukrayna ordusu və NATO analitiklərinə Rusiya qoşunlarının hərəkətlərini izləmək, onların addımlarını proqnozlaşdırmaq və döyüş strategiyalarını modelləşdirməkdə kömək edib.