Fransa Çikaqo Konvensiyasını pozaraq Ermənistana hərbi yük çatdırmış ola bilər
Dünya
139
19:47, Bu gün

Fransa Çikaqo Konvensiyasını pozaraq Ermənistana hərbi yük çatdırmış ola bilər

Fransa 1944-cü il Çikaqo Konvensiyasının müddəalarını pozaraq mülki yük adı altında Ermənistana hərbi yük daşımış ola bilər.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Fransanın hərbi-nəqliyyat təyyarələrinin Ermənistandakı uçuş məlumatlarına əsasən, belə bir nəticəyə gəlmək olar.

"AnewZ" telekanalı həm Fransa mediasının rəsmi versiyasını, həm də Fransa aviasiyasının İrəvana uçuşlarına dair məlumatları təqdim edib.

Materialda qeyd olunub ki, Fransa mediası hadisələrin rəsmi versiyasını təqdim edib.

Xüsusilə, "Le Figaro" Fransa Prezidenti Emmanuel Makronun ötən həftə İrəvana səfərini Ermənistanla strateji tərəfdaşlığın bir hissəsi kimi təsvir edir. Müdafiə sahəsində əməkdaşlıq, o cümlədən Ermənistanın 2024-cü ildə Fransadan 36 ədəd "Caesar" haubitsasının alınması üçün sifariş verdiyi bu gündəliyə daxil idi.

Lakin materialın müəllifləri rəsmi tərəfdaşlığın daha dərin hərbi tərəfdaşlıqla müşayiət olunub-olunmadığını sual edirlər.

E.Makronun Ermənistana rəsmi səfəri mayın 5-də başlayıb. ADS-B məlumatlarına görə, mayın 4-də Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus "Airbus A330-200" təyyarəsi İrəvana gedib. Növbəti gün təyyarə İrəvandan Parisə uçub, daha sonra isə Fransanın İstr-Le-Tyube hərbi aviabazasına yollanıb.

Bu məlumatlar təyyarənin hərəkətini təsdiqləyir, lakin yükün mahiyyətini açıqlamır: "Belə bir sual yaranır: bu reys yalnız rəsmi daşımalar üçün istifadə olunub, yoxsa daha geniş hərbi dəstəyin bir hissəsi olub?"

Bundan əlavə, eyni təyyarə martın 29-dan aprelin 3-dək Yaponiya və Cənubi Koreya ərazisində qeydə alınıb. Həmin vaxt Tokioda Fransa və Yaponiyanın müdafiə nazirləri müdafiə əməkdaşlığının "yol xəritəsi"ni imzalayıblar. Cənubi Koreyada isə aprelin 3-də Makron və Prezident Li Çje Myon müdafiə və energetika sahələri də daxil olmaqla, əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Nəticədə biz yenidən təyyarənin hərəkətini görürük, lakin konkret yükün daşınması barədə məlumatımız yoxdur.

Materialda Fransanın "A400M" hərbi təyyarəsinə xüsusi diqqət yetirilir. Mayın 11-nə olan izləmə məlumatlarına görə, o, Cənubi Qafqaza doğru hərəkət edib.

İddia edildiyi kimi, bu marşrut üzrə yük Gürcüstan üçün qaz balonları, litium batareyaları və kimyəvi maddələr olaraq bəyan edilib. Lakin sual yaranır: faktiki yük bəyan edilmiş təsvirə uyğun idimi, yoxsa söhbət "Caesar" haubitsalarının komponentlərindən və ya silahlanma ilə bağlı digər avadanlıqdan gedə bilərdi?

Materialda qeyd olunub ki, mayın 28-də Ermənistanda keçiriləcək parada hazırlıq çərçivəsində yayılan kadrlarda Fransa istehsalı "Caesar" haubitsalarının görünməsindən sonra bu məsələ xüsusilə aktuallaşıb. Beləliklə, məsələ təkcə E.Makronun səfərinə deyil, həm də bu səfər zamanı nə daşındığına, Gürcüstan üçün hansı yükün bəyan edildiyinə, icazələrin verildiyinə və yükün uçuşun hüquqi statusuna uyğun olub-olmamasına aiddir.

1944-cü il Çikaqo Konvensiyasına əsasən, mülki və hərbi hava gəmiləri müxtəlif hüquqi rejimlərlə tənzimlənir. Bununla əlaqədar olaraq, hərbi yükün fərqli bir bəyannamə altında daşınması hava məkanından istifadə icazələri, tranzit və mülki aviasiya qaydalarına riayət edilməsi ilə bağlı suallar doğura bilər.

Bununla yanaşı, materialda bildirilib ki, yük barədə məlumat hələ ki, yekun olaraq təsdiqini tapmayıb: "İctimaiyyətə bəlli olan məlumatlar tərəfdaşlığı, uçuş məlumatları, videokadrlar isə Ermənistanda "Caesar" sistemlərinin mövcudluğunu təsdiqləyir. Lakin yük haqqında məlumat hələ də təsdiq tələb edir. "A400M" manifesti, Gürcüstanın tranzit icazəsi, ICAO tələblərinə riayət edilməsinə dair sənədlər dərc edilməyənə və müstəqil mənbələr tərəfindən təsdiqlənməyənə qədər məsələ açıq qalır. İttihamlar hələ də sübuta yetirilməyib, lakin vəziyyət cavab tələb edəcək qədər ciddi görünür".

Əlbəttə, ilk növbədə, Paris və ya İrəvan tərəfindən verilən cavablar vəziyyətə aydınlıq gətirə bilərdi, lakin hələlik heç bir tərəf açıqlama verməyib. Bu səbəbdən mövcud materiallar hərbi təyyarənin Ermənistana məhz silah və digər hərbi yük daşıdığını iddia etməyə əsas verir. Bundan başqa, uçuşların gizli saxlanılması, yəni yükün xarakteri barədə rəsmi məlumatın verilməməsi Fransadan Ermənistana gizli hərbi tədarüklərin həyata keçirildiyinə dair şübhələri daha da gücləndirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər