"Subay vergisi", gecə klublarının təmiri və milyonluq ödənişlər..."
İnkişaf etmiş ölkələrin əksəriyyətində doğum səviyyəsi sürətlə azalır və hökumətlər bu meyli dəyişmək üçün bəzən olduqca qeyri-adi addımlar atır.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Ouest-France" nəşri yazıb.
Nəşrin qeyd etdiyi kimi, hələlik universal çıxış yolu tapılmasa da, bəzi ölkələrin tətbiq etdiyi metodlar ciddi maraq doğurur.
Litva gecə klublarına, Çin isə maliyyə stimullarına ümid edir
Litvada doğum göstəricilərinin azalması hökuməti həm iqtisadi, həm də sosial addımlar atmağa məcbur edib. 2025-ci ildə ölkədə cəmi 17 500 uşaq dünyaya gəlib ki, bu da əvvəlki illərlə müqayisədə xeyli aşağı göstəricidir.
Buna görə hökumət iki və daha çox uşağı olan ailələr üçün beş illik gəlir vergisi güzəştləri təklif edib. Paralel olaraq valideynləri işə götürən şirkətlər üçün də vergi yükünün azaldılması müzakirə olunur. Ancaq ən diqqətçəkən təşəbbüs gecə klublarının bərpası planıdır. Litva rəsmiləri hesab edir ki, gənclərin tanış olması üçün məkanların azalması ailə qurma göstəricilərinə təsir edir.
Çində isə əsas diqqət maliyyə dəstəyinə yönəlib. Hökumət uşaqlı ailələrə ödənişlər, pulsuz məktəbəqədər təhsil və müxtəlif subsidiyalar təqdim edir. Bununla belə, bir çox sakinlər hesab edir ki, bu yardımlar həyat bahalaşması fonunda yetərli deyil. Daha çox müzakirə doğuran addımlardan biri isə kontraseptiv vasitələrə əlavə vergi tətbiqi olub. Tənqidçilər bildirir ki, qiymət artımı insanları daha çox uşaq sahibi olmağa məcbur etməyəcək.
Yaponiya "subay vergisi" tətbiq edir, Cənubi Koreya milyonlar xərcləyir
Demoqrafik böhranla üzləşən Yaponiyada hökumət 2026-cı ildə ailələri dəstəkləmək üçün yeni maliyyə mexanizmi tətbiq edib. Yerli mediada buna artıq "subay vergisi" adı verilib. Qaydalara əsasən, evli olmayan çalışan şəxslər əlavə ödəniş etməlidir. Məqsəd nikahları və doğumu stimullaşdırmaqdır. Lakin bu qərar cəmiyyətdə ciddi narazılıq yaradıb.
Statistika da hökuməti narahat edir: Yaponiyada doğum sayı son illərdə sürətlə azalaraq 2019-cu ildəki 814 mindən 2024-cü ildə təxminən 685 minə düşüb. Cənubi Koreya isə problemi daha çox maliyyə yolu ilə həll etməyə çalışır. Bir yaşdan kiçik uşağı olan ailələr aylıq ödəniş alır. Bəzi özəl şirkətlər isə əməkdaşlarına valideyn olduqları halda on minlərlə avro bonus verir.
Buna baxmayaraq, ölkədə doğum səviyyəsi dünyanın ən aşağı göstəricilərindən biri olaraq qalır.
Rusiya psixoloji yanaşmaya üstünlük verir, Fransa isə çıxış yolu axtarır
Rusiyada hakimiyyət doğum səviyyəsini artırmaq üçün psixoloji və sosial təsir metodlarına üstünlük verir. Rəsmilər qadınların reproduktiv sağlamlıq üzrə mütəmadi konsultasiyalara yönləndirilməsini tövsiyə edir.
Məqsəd "analığa müsbət münasibət formalaşdırmaq" kimi izah olunur. Bununla yanaşı, çoxuşaqlı ailələr üçün maliyyə dəstəyi də artırılır. Vladimir Putin daha əvvəl valideynliyi "dəb halına gətirməyin" vacibliyini vurğulayıb. Çünki ölkədə doğum göstəriciləri son iki əsrin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Fransada isə əsas problem uşağın böyüdülməsi üçün yüksək xərclər, iş və şəxsi həyat balansı, eləcə də gələcəklə bağlı narahatlıqlardır. Nəşr qeyd edir ki, hətta çox güclü sosial təminat sistemi olan İsveçdə belə doğum göstəriciləri rekord səviyyədə aşağı düşüb. Bu isə onu göstərir ki, təkcə maliyyə yardımı demoqrafik böhranı həll etməyə kifayət etmir.